ORDU
Şəmkirdəki “N” saylı hərbi hissədə hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib








Bakı, 28 fevral, AZƏRTAC
Müdafiə Nazirinin təsdiq etdiyi plana əsasən Şəmkirdəki “N” saylı hərbi hissədə rayonun təhsil müəssisələrinin şagird və tələbələrinin iştirakı ilə vətənpərvərlik mövzusunda tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun 7 orta təhsil müəssisəsinin şagird və müəllimlərinin iştirak etdikləri tədbirdə çıxış edən polkovnik Elşad Əbilov onlara hərbi hissənin yaranma tarixi, döyüş yolu, ərazidə yerləşən obyektlər barədə məlumat verib, şəxsi heyətin məişət şəraiti ilə tanış edib.
Qonaqlar Silahlı Qüvvələrin təchizatında olan silah, sursat, mühəndis, rabitə cihazları və avadanlığı, səyyar təşviqat guşələri və mənəvi-psixoloji təminat vasitələri ilə yaxından tanış olublar. Hərbi hissənin ərazisindəki Heydər Əliyev Mərkəzini ziyarət edən qonaqlara Ümummilli Liderin həyat və fəaliyyəti barədə geniş məlumat verilib.
Şagirdlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müxtəlif vaxtlarda hərbi hissəyə səfərlərini, Silahlı Qüvvələrdə keçirilən təlimləri əks etdirən filmə, o cümlədən “Hər birimiz Mübarizik, Fəridik!” adlı qəhrəmanlıq balladasına baxıblar.
Tədbirin sonunda qonaqlar əsgərlərə birlikdə nahar ediblər.