REGİONLAR
Şəmkirin Qədimqala kəndindəki yeni həkim məntəqəsi 12 min sakinə tibbi xidmət göstərəcək
Şəmkir, 18 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Şəmkir rayonunun Qədimqala kəndində müasir səviyyədə yenidən qurulan həkim məntəqəsinin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, aparatın məsul işçiləri və kənd sakinləri iştirak ediblər.
Alimpaşa Məmmədov çıxış edərək son illərdə rayonda həyata keçirilən geniş infrastruktur layihələrindən, xüsusən də səhiyyə xidmətinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb.
Bildirilib ki, Şəmkir sakinlərinə göstərilən tibbi xidmətin müasir tələblər səviyyəsində təşkili məqsədilə bir sıra səhiyyə müəssisələri yenidən qurulub, maddi–texniki bazası isə müasirləşdirilib. Yenidən qurulan Qədimqala kənd həkim məntəqəsi də sakinlərə göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltmək məqsədi daşıyır.
Həkim məntəqəsi Qədimqala, eləcə də Keçili və Əliyaqublu kəndlərinin 12 min nəfər sakininə müasir tibbi xidmət göstərəcək.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Ayaz İbrahimov, kənd ağsaqqalları bölgələrdə, xüsusən də Şəmkirdə sosial problemlərin həlli, kəndlərdə tibbi xidmətin səviyyəsinin ildən-ilə yüksəldilməsi istiqamətində böyük işlərin görüldüyünü diqqətə çatdırıb, bölgələrin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Sonra mərasim iştirakçıları həkim məntəqəsində yaradılan şəraitlə tanış olublar.