REGİONLAR


Şəmkirin dağ turizmi üçün əlverişli şəraiti olan Çənlibel kəndindən REPORTAJ VİDEO

Şəmkir, 12 mart, Ruslan Novruzoğlu, AZƏRTAC

Şəmkirin dəniz səviyyəsindən 1289 metr hündürlükdə yerləşən Çənlibel kəndi əsrarəngiz təbiətə malikdir. Şəmkir-Gədəbəy avtomagistralının üzərində yerləşən bu kənd Şəmkir rayonunun dağlıq ərazisindəki yaşayış məntəqələrindən biridir. Burada əhali əsasən əkinçilik və heyvandarlıqla məşğuldur. Kənd turizm baxımından da əlverişli coğrafi mövqedədir.

AZƏRTAC xəbər verir ki, 850-dən çox təsərrüfat olan Çənlibel kəndində hazırda 3500-ə yaxın sakin yaşayır. Təbiətindən yazın ilk nəfəsi hiss edilməkdədir. Burada dumanın tez-tez dağ kəndini öz ağuşuna almasını müşahidə etmək olur.

Təmiz havası, gözəl təbiəti kəndə gələnlərin diqqətini çəkir. Hətta şəhərdən bura yayda istirahətə gələnlər də az olmur. Dağ kəndində satışa çıxarılan evlərin qiyməti elə də ucuz deyil. Şəhər sakinləri yay mövsümündə bu kənddə qalmağa üstünlük verirlər.

Yerli sakinlər mövsüm vaxtı əldə etdikləri məhsulu - bal, yumurta, meyvəni elə küçədə yoldan keçənlərə satırlar. Çənlibel kəndinin sakini Əlviz Məmmədov bildirir ki, bura olduqca mehriban, qonşuluğu sevən, zəhmətkeş insanlardan ibarət kənddir. “Taxıl, arpa, kartof əkirik. Mal-qara, qoyun və toyuq-cücə saxlayırıq. Hazırda yazlıq arpa əkirik. Adamlar burada bir-biri ilə olduqca mehribandır. Yayda qonaqlarımız, həmçinin evləri kirayə istəyənlər də çox olur”, - deyə Əlviz Məmmədov vurğulayır.

Sakinlərin sözlərinə görə, satış elanı verilən evlərlə daha çox qonşu Gədəbəyin kəndlərindən olan sakinlər maraqlanırlar. “Bakı və digər şəhərlərdən gələnlər kəndə əsasən yay fəslində gəlirlər. Onların bəziləri kirayə ev tuturlar. Bəziləri isə hazır ev alırlar. Qiymətlər müxtəlifdir. Bu kənddə 15 min manatdan 60 min manata qədər satışda olan evlər var”, - deyə kənd sakini Qurban Məmmədov qeyd edir.

Dumanlı Çənlibel kəndində yaşayış üçün olduqca əlverişli təbii şərait var. Kəndlilər əkin sahələrini dəmyə üsulu ilə becərirlər. 1991-ci ilə qədər kəndin adı Çardaxlı olub. Daha sonra dəyişdirilərək Çənlibel adlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.