ORDU
Şəmkirli gənclər “Əsgərə məktub” layihəsinə qoşulublar
Bakı, 21 aprel, AZƏRTAC
“Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi ön xətdə xidmət edən hərbi qulluqçulara mənəvi dayaq olmaq, ictimaiyyətlə ordu arasında birliyi daha da gücləndirmək məqsədilə keçirilən “Əsgərə məktub” layihəsini Azərbaycanın müxtəlif regionlarında davam etdirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti tədbir Şəmkir Rayon İcra Hakimiyyətinin və Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə Şəmkir şəhərində keçirilib.
Görüşdə çıxış edənlər layihənin əhəmiyyətindən danışaraq bildiriblər ki, belə tədbirlərin keçirilməsində məqsəd Vətənimizin müdafiəsinə hər an hazır olan gənclər yetişdirmək, onlara hərbi vətənpərvərlik ruhunu aşılamaqdır.
Tədbirdə layihə çərçivəsində görülən işlər və həyata keçirilən fəaliyyətlər barədə videoçarx nümayiş etdirilib.
Şəmkir rayon ictimaiyyətinin nümayəndələri, şagirdlər, müharibə veteranları videogörüntü vasitəsilə və yazılı şəkildə Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə xoş arzularını çatdıraraq, daim onlara dəstək olduqlarını vurğulayıblar. Məktublar “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi tərəfindən ön xətdə xidmət edən əsgərlərə çatdırılacaq.
Tədbirin sonunda müharibə veteranlarına Gəncə Qarnizonu Zabitlər Evinin rəhbərliyi tərəfindən fəxri fərmanlar təqdim olunub.