REGİONLAR
Şəmkirli gənclər beynəlxalq təşkilatlara və tanınmış siyasətçilərə erməni vəhşiliyini pisləyən bəyanat ünvanlayıblar
Şəmkir, 10 iyul, Famil Quliyev, AZƏRTAC
Şəmkir rayonundakı “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi iyulun 4-də Ermənistan silahlı birləşmələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində 1966-cı il təvəllüdlü Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi, Səlminaz Quliyevanın ağır yaralanması ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar.
AZƏRTAC-a daxil olmuş bəyanatda deyilir: “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi Dağlıq Qarabağda baş verən bu kimi insanlığa zidd əməlləri qəti şəkildə pisləyir! Biz müstəqil Azərbaycanın vətəndaşları olaraq, dünya ictimaiyyətinin diqqətini məhz bu proseslərə yönəltmək istəyirik. Torpağının 20 faizi işğal edilən, 1 milyondan artıq qaçqını və məcburi köçkünü olan ölkədə 2 yaşlı körpə evində vəhşicəsinə qətlə yetirilir və dünya ictimaiyyəti buna hələ də susur! Bu terrordur! Dinc əhaliyə qarşı törədilmiş terror! Gənclər mərkəzi olaraq dünyanın bir çox ölkələrində fəaliyyət göstərən gənclər təşkilatlarına, beynəlxalq gənclər assosiasiyalarına, gənclər ilə çalışan, uşaqların müdafiəsi ilə məşğul olan qurumlara səslənirik: “Zəhralar ölməsin! Uşaqlar müharibələrin qurbanı olmasın, öz ata yurdlarından didərgin düşən insanlar unudulmasın! Hər birimiz var gücümüzlə terrora “Dur” deyək! Daha gözəl bir dünya üçün həmrəy olaq, insanların və insanlığın qatillərinə qarşı birləşək! Bizim haqq səsimizə səs verin! Çünki biz sülh, əmin-amanlıq istəyirik.”
Qeyd edək ki, bəyanat 10 xarici dilə tərcümə olunaraq dünyanın müxtəlif beynəlxalq təşkilatlarına və tanınmış siyasətçilərinə göndərilib.