REGİONLAR
Şəmkirli gənclərdən nəcib təşəbbüs: “Şiddətə yox deyək!” FOTO VİDEO
Şəmkir, 2 mart, Ruslan Novruzoğlu, AZƏRTAC
Gənclərin maraqlı layihələrlə, yaradıcı ideyalarla çıxış etməsi təqdirəlayiq haldır. İnsanların da marağına səbəb olduğu belə layihələrdən birini şəmkirli gənclər reallaşdırıblar.
AZƏRTAC xəbər verir ki, gənclər bölgədə “Bullinqə (şiddətə) yox deyək!” təşəbbüsü çərçivəsində divarlarda çəkdikləri qraffiti əsərləri ilə nəinki bir küçədə, hətta rayonda, eləcə də sosial şəbəkələrdə insanların diqqətini cəlb ediblər.
“Bu rəsmlər çox xoşuma gəldi. Maraqlı, düşündürücü şəkillərin çəkilməsinin tərəfdarıyam. Gənclərə tövsiyə edərdim ki, belə müsbət mesaj verən əsərlər yaratsınlar. Bu, həm də yoldan keçənlərin diqqətini çəkir”, – deyə Nizami küçəsinin sakini İlqar Cəfərov bildirib.
Əlbəttə, sakinlərin də dediyi kimi, hər şey icazə və qayda-qanun çərçivəsində olmalıdır. Elə gənclər də divarları, necə deyərlər, özbaşına rəngləməyiblər. Onlar küçələrdə avanqard rəsm çəkənlərdən fərqli olaraq, insanları düşündürən, cəmiyyət üçün faydalı olan mesajlar verməyə çalışıblar.
Gənclər arasında intiharların azalmasını, şiddətin xoş sözlərlə, nəvazişlə əvəz olunmasını özündə ehtiva edən layihə sakinlərlə yanaşı, sosial şəbəkələrdə də maraqla qarşılanıb. Təşəbbüsün məqsədi gənclər arasında antibullinqlə bağlı maarifləndirmə apararaq, onları incəsənət vasitəsilə məlumatlandırmaqdır. Təşəbbüs qrupu əvvəlcə antibullinqlə bağlı iştirakçılardan müxtəlif mesajlar toplayıblar. Həmin antibullinq mesajları respublikamızda ilk dəfə olaraq Şəmkir şəhər mərkəzi küçələrinin birində divara çəkilən qraffitidə istifadə edilib.
Bu barədə danışan Şəmkir Gənclərin İnkişafı və Karyera Mərkəzinin mütəxəssisi Könül Rəhimova deyib: “Uşaqlar “bullinqə son” mövzusunda layihə işləmək istədi. Pandemiya dövrünə düşdüyündən daha məhdud imkanlara malik olduq. Fikirləşdik ki, insanlara fikrimizi qraffiti vasitəsilə də çatdıra bilərik. Bu ideya çox bəyənildi. Eskizimizi hazırlayıb UNICEF-ə göndərdik. UNICEF bizim ideyamızı dəstəklədi və ortalığa belə bir iş çıxdı”.
Asudə vaxtlarında komanda şəklində çalışan gənclər özləri də bu işdən zövq aldıqlarını söyləyirlər. Soyuqda divarlarda boya ilə işləməyin çətin olmasına baxmayaraq, onlar sakinlərin də köməyindən istifadə edərək öz işlərini sevərək gerçəkləşdiriblər. “Yazdığımız mesajlar insanların üzündə gülüş yaratmaq, şiddətə son vermək üçündür. Yəni, layihəmizi sosial mesaj olaraq icra etmişik. Bu işə dostlarımız da qoşulublar. Yoldan keçən insanlar da kömək ediblər”, - deyə gənc könüllü Etibar Usubov qeyd edib.
Gənclər bu işi davam etdirmək niyyətindədirlər. Onlar layihəni bundan sonra Şəmkirin ucqar dağ kəndlərində, eləcə də digər yaşayış məntəqələrində də tətbiq etməyi planlaşdırırlar.