REGİONLAR
Şəmkirli məktəblilər müstəqillik illərində qazanılmış nailiyyətlər barədə ətraflı məlumatlandırılacaqlar
Şəmkir, 15 mart, Rauf Hacıyev, AZƏRTAC
Martın 15-də Şəmkir rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Qəbələyə yola salınıb.
AZƏRTAC xəbər verir ki, yolasalma mərasimindən əvvəl rayon icra hakimiyyətində tur-aksiya iştirakçıları ilə görüş keçirilib. Görüşdə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək, şagirdlərə turun məqsədi barədə məlumat verib, onlara səfərlərinin xoş və mənalı keçməsini arzulayıb.
Bildirilib ki, Prezident İlham Əliyevin tövsiyəsi ilə həyata keçirilən layihənin məktəblilərin regionlarda aparılan quruculuq işləri ilə tanış olmaları, bölgələrimizi yaxından tanıması baxımından mühüm əhəmiyyəti var.
İcra hakimiyyətinin başçısı qeyd edib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir.
“Bu tur-aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsində, tədrisdə qazanılan nəzəri biliklərin möhkəmləndirilməsində mühüm amillərdən biri olacaq və səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaqdır”, – deyə A.Məmmədov qeyd edib.
Sonda məktəblilər Heydər Əliyev Mərkəzinin qarşısından Qəbələyə yola salınıb.
Qeyd edək ki, aksiya çərçivəsində şəmkirli məktəblilər dörd gün ərzində Qəbələ rayonunda Heydər Əliyev Konqres Mərkəzi, ”Qəbələnd” istirahət mərkəzi, “Beltmann” pianino zavodu, “Tufandağ” Xizəkçilik Kompleksi və Qəbələ Konserv zavodu ilə tanış olacaq, Çuxur Qəbələ Tarix və Mədəniyyət qoruğuna, Nohur gölünə, Vəndam şəlaləsinə, udinlərin yaşadığı Nic kəndinə ekskursiya edəcəklər. Şəkidə Dövlət Tarix-memarlıq qoruğu, Şəki Xan sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndində yerləşən qədim Alban məbədi, Zaqatala rayonunda isə Zaqatala Tarixi Mədəniyyət Qoruğu, Dədə Qorqud Meydanı ilə tanışlıq da şagirdlərdə xoş təəssürat oyadacaq.