REGİONLAR
Şəmkirli məzunlardan dördü məktəbi qızıl medalla bitirib
Şəmkir, 10 sentyabr, Famil Quliyev, AZƏRTAC
Sentyabrın 9-da Şəmkirdəki Heydər Əliyev Mərkəzində rayon təhsil işçilərinin konfransı keçirilib.
Tədbirdən əvvəl rayon rəhbərliyi, qonaqlar və qabaqcıl təhsil işçiləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, konfransda rayon təhsil şöbəsinin müdiri Məcid Şıxlinskinin 2015-2016-cı tədris ilinin yekunları və qarşıda duran vəzifələr haqqında məruzəsi dinlənilib. Məruzədə qeyd edilib ki, respublikanın hər yerində olduğu kimi, Şəmkir rayonunda da təhsil sahəsi inkişaf mərhələsini yaşayır. Diqqətə çatdırılıb ki, rayonda 79 ümumtəhsil məktəbi, o cümlədən 1 ibtidai, 11 ümumi orta, 67 tam orta məktəb fəaliyyət göstərir. Dərs ilinin əvvəlindən 31064 şagird ümumi qaydalarla, 17 nəfər fərdi, 179 nəfər sağlamlığı məhdud olan şagirdlər ev şəraitində təhsilə cəlb olunublar. Bu il rayonun ümumtəhsil məktəblərinin məzunlarından 506 nəfəri tələbə adını qazanıb. Onlardan 68 nəfəri 500-dən, 34 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Cinarlı qəsəbə 2 nömrəli tam orta məktəbin məzunu Zülfüqarov Orxan Əzim oğlu rayon tarixində ilk dəfə 700 bal toplayaraq Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunub. Cari ildə buraxılış imtahanlarının nəticələrinə görə, Ə. Cavad adına şəhər tam orta məktəbin məzunu Bənövşə Kazımova, M.Füzuli adına məktəb-liseyin məzunu Fuad Əlizadə, Düyərli kənd 2 nömrəli tam orta məktəbin məzunu Gülcan Novruzzadə və Çaparlı kənd 2 nömrəli tam orta məktəbin məzunu Taleh Abdullayev təhsillərini qızıl medalla başa vurublar.
Ölkəmizdə təhsil işçilərinin əməyinə verilən qiymətdən danışan məruzəçi qeyd edib ki, Nizami adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Səkinə Məmmədova “Əməkdar müəllim” fəxri adına, Dəllər-Daşbulaq kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Elşən Əhmədov isə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunublar.
Diqqətə çatdırılıb ki, bu il Təhsil Nazirliyi tərəfindən məktəb direktoru vəzifəsi tutmaq üçün aparılan imtahanın nəticələrinə əsasən qalib gələn 8 müəllim rayonun müxtəlif məktəblərinə direktor təyin olunublar. Test imtahanlarından müvəffəqiyyətlə keçən 53 müəllim yeni iş yerlərinə göndərilib.
Konfransda məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində görülən işlərdən də söz açılıb. Bildirilib ki, son dövrlər rayonda 25 yeni məktəb binası inşa olunub, çoxlu sayda məktəb əsaslı təmir edilib. Konfransda rayon icra hakimiyyəti başçısının müavini Məleykə Əlizadə, Təhsil Nazirliyinin nümayəndəsi Ceyhun Mirzə və başqaları çıxış edərək rayon müəllimlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib və respublikada təhsilin inkişafı ilə bağlı məsələlərdən danışıblar.
Sonda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.