SİYASƏT
Şəmsəddin Kuzenci: Azərbaycan dövləti mətbuata xüsusi diqqət göstərir
Bakı, 21 iyul, AZƏRTAC
Azərbaycan gündən-günə inkişaf edir. Xatırlayıram, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda olarkən o zaman burada fərqli bir mənzərə var idi. Bu gün isə Azərbaycanda böyük inkişafın şahidi oluruq. Bu inkişaf bütün sahələrdə olduğu kimi, mətbuatda da özünü göstərir. Biz hər zaman Azərbaycanın uğurlarına sevinirik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında “Kərkük” qəzetinin baş redaktoru Şəmsəddin Kuzenci bildirib. Baş redaktor qeyd edib ki, Azərbaycan dövləti mediaya xüsusi diqqət göstərir. Ölkədə müstəqil mətbuatın fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Media qurumlarının əməkdaşlığının vacibliyindən danışan Şəmsəddin Kuzenci türk jurnalistlərinin ölkəmizin ərazisinin 20 faizinin işğal altında olmasından çox narahat olduqlarını bildirib. Bizim arzumuz Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla, işğal altındakı Azərbaycan torpaqlarının qısa zamanda azad olunmasıdır. “Bütün türk dünyasının jurnalistləri əməkdaşlıq etməli, bu kimi problemləri diqqət mərkəzində saxlamalı, dünya ictimaiyyətini məlumatlandırmalıdırlar”, - deyə baş redaktor vurğulayıb.