REGİONLAR
Səmti müəyyən etmə idmanı üzrə açıq respublika çempionatında 250 idmançı mübarizə aparır VİDEO
Xaçmaz, 5 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Oktyabrın 5-də Samur-Yalama Milli Parkının Xaçmaz rayonunda yerləşən meşə zolaqlarında səmti müəyyən etmə idman növü üzrə növbəti açıq respublika çempionatına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edəcək yarışda nazirlik, idarə, təşkilat və güc strukturlarını, klub və federasiyaları, idman cəmiyyətlərini, ali təhsil müəssisələrini təmsil edən 250 idmançı mübarizə aparır. Bununla yanaşı, yarışa Finlandiyadan da 60 idmançı qoşulub.
Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birlikdə təşkil etdiyi birincilik elektron qeydiyyat sisteminin tətbiqi ilə keçirilir. Yarışda idman xəritəçiliyi sahəsində tanınmış xarici mütəxəssislər tərəfindən çəkilmiş beynəlxalq standartlara uyğun idman xəritələrindən istifadə olunur.
Uzun və orta məsafə üzrə keçirilən turnirdə idmançılar 14 yaş kateqoriyası üzrə yarışırlar.
Yarışda fərqlənən idmançılara medal və diplom təqdim olunacaq.
Bu kimi yarışlar səmti müəyyən etmənin ölkəmizdə kütləvi idman növü kimi tanınması, sağlam həyat tərzinin və ətraf mühitə qayğı ilə yanaşmanın təbliği məqsədilə keçirilir. Bununla yanaşı, turnir ölkənin səmti müəyyən etmə idman növü üzrə milli yığma komandası üçün idmançıların üzə çıxarılması baxımından da böyük əhəmiyyətə malikdir.