REGİONLAR
Səmti müəyyən etmək üzrə ölkə çempionu titulu uğrunda 200-dən çox idmançı mübarizə aparır VİDEO
Şabran, 7 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Oktyabrın 7-də Şabran rayonunun Qalaaltı meşə zolağında səmti müəyyən etmə idman növü üzrə növbəti açıq respublika çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, yarışda nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyalar, idman cəmiyyətləri və ali təhsil müəssisələrini təmsil edən komandalar və fərdi iştirakçılar olmaqla, ümumilikdə 200-dən çox idmançı mübarizə aparır. Bununla yanaşı, yarışa Ukrayna və Türkiyədən olan idmançılar da qatılıb.
Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birlikdə təşkil etdiyi birinciliyin açılış mərasimində qeyd olunub ki, turnir ölkənin səmti müəyyən etmə idman növü üzrə milli yığma komandası üçün idmançıların üzə çıxarılması baxımından da böyük əhəmiyyətə malikdir. Bu kimi yarışlar səmti müəyyən etmənin ölkəmizdə kütləvi idman növü kimi tanınması, sağlam həyat tərzi və ətraf mühitə qayğı ilə yanaşmanın təbliği üçün keçirilir.
İştirakçılar elektron qeydolunma sisteminin tətbiqi ilə təşkil edilən çempionatın ilk günündə “Elit”, “Açıq” və “Junior” kateqoriyaları üzrə orta və uzun məsafədə yarışıblar. Yarış idman xəritəçiliyi sahəsində tanınmış xarici mütəxəssislər tərəfindən çəkilmiş beynəlxalq standartlara uyğun idman xəritələri üzrə keçirilir.
Yarışın ikinci günündə idmançılar Bakıda – Dənizkənarı Bulvar və İçərişəhər ərazisində sprint növü üzrə güclərini sınayacaqlar.
Gərgin mübarizənin sonunda həm komanda hesabında, həm də fərdi yarışlarda qaliblərin adları müəyyənləşəcək. Qaliblər kubok, medal və diplomlarla mükafatlanıdırılacaqlar.