REGİONLAR


Səmti müəyyənetmə idman növü üzrə beynəlxalq turnirdə 12 ölkədən idmançılar mübarizə aparır VİDEO

Quba, 18 may, Elxan Yusifli, AZƏRTAC

Mayın 18-də Qubada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyənetmə idman növü üzrə Beynəlxalq Kubok yarışlarının növbəti mərhələsinə start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 19-dək davam edəcək beynəlxalq turnir Quba rayonunun Amsar və Xaçmazın Nabran meşə zolaqlarında keçirilir. Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birlikdə təşkil etdiyi yarışlara yerli təmsilçilərlə yanaşı, 11 xarici ölkə idmançıları da qatılıb.

Türkiyə, Ukrayna, Rusiya, Bolqarıstan, Çexiya, Litva, Avstraliya, Nigeriya, İsveç və başqa ölkələrdən olan 40-dan çox əcnəbi iştirakçı medallar uğrunda mübarizə aparır. Yarışda ümumilikdə 220 idmançı mübarizəyə qoşulub.

Nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyalar, şirkətlər, idman cəmiyyətləri və ali təhsil müəssisələrini təmsil edən komandalar, habelə fərdi şəkildə qatılan idmançılar 8 kateqoriya üzrə sprint, orta və uzun məsafədə yarışırlar. Beynəlxalq Kubok yarışları tanınmış xarici mütəxəssislər tərəfindən çəkilmiş beynəlxalq standartlara uyğun idman xəritələri üzrə keçirilir.

Elektron qeydolunma sisteminin tətbiqi ilə təşkil olunan yarışda qalib komandaya yarışın kuboku təqdim ediləcək. Birinci-üçüncü yerləri tutan idmançılar medal və diplomla təltif olunacaq.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyənetmə idman növü üzrə Beynəlxalq Kubok yarışları 2013-cü ildən etibarən ənənəvi olaraq keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.