CƏMİYYƏT


Səmyar Abdullayev: Sabit, firavan, müasir Azərbaycan Ulu Öndərin şah əsəridir

Bakı, 13 iyun, AZƏRTAC 

1993-cü ildə Azərbaycan çox çətin bir vəziyyətdə idi. Sovet imperiyasının yetmiş illik əsarətinə son qoyulsa da, Qarabağ və ətraf rayonlar uğrunda başlayan müharibə, o cümlədən digər bölgələrdə separatçı qüvvələrin fəallaşması ölkədə təhlükəli vəziyyətə səbəb olmuşdu. Bununla yanaşı, Naxçıvanın Azərbaycandan qoparılması təhlükəsi də var idi. Ermənilərin blokadaya saldığı Naxçıvan məhz Heydər Əliyevin siyasi fəaliyyəti nəticəsində real işğaldan və başqa təhlükələrdən xilas olundu.

İqtisadi, sosial, siyasi durumu bərbad vəziyyətdə olan Azərbaycanda əhalinin ərzaq təminatı ilə də bağlı ciddi problemləri var idi. Ölkəmiz parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı, xalqımız çox əziyyət çəkirdi. Sadə vətəndaşlar, ziyalılar, vətənpərvər qüvvələr onları bu vəziyyətdən xilas edəcək yeganə liderin Heydər Əliyev olduğuna əmin idilər. Ona görə də xalqımız Ulu Öndərə müraciət edib onu Bakıya dəvət etdi. 1993-cü il iyunun 9-da Bakıya gələn Ümummilli Lider iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. Xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olunmuş həmin tarix ölkəmizin həyatında yeni dövrün başlanğıcı oldu.

Heydər Əliyev müdrik, uzaqgörən və zəngin dövlətçilik təcrübəsi olan bir lider idi. Onun məqsədyönlü şəkildə həyata keçirdiyi islahatlar, atdığı addımlar ölkəmizin üzərindən qara buludları çəkdi. Görülən işlər qısa zamanda öz bəhrəsini verdi və ölkə böhran vəziyyətindən çıxdı. Ulu Öndər ömrünün sonuna kimi xalqın xoşbəxtliyi üçün var-qüvvəsi ilə çalışdı. Ona qarşı çıxan qüvvələrlə cəsarətlə mübarizə aparıb, Azərbaycanı zülmətdən aydınlığa çıxardı. Bugünkü sabit, firavan, müasir Azərbaycan onun şah əsəridir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyətinin sədri Səmyar Abdullayev deyib.

Sədr, həmçinin bildirib: "Ölkədəki böhran vəziyyəti sosial cəhətdən həssas qruplara da təsirsiz ötüşməmişdi. Əzəli və əbədi torpaqlarımız uğrunda müharibə davam etdiyindən əlillərin sayı getdikcə artırdı. Onların protez-ortopedik avadanlıqlarla təminatında çox ciddi problemlər var idi. Ölkədə bu sahədə ixtisaslaşmış müəssisələr mövcud deyildi. Əlillərin aldıqları müavinətlərin azlığı onların həyat şəraitini daha da çətinləşdirirdi. Heydər Əliyev əlillərin problemlərinin aradan qaldırılması, onların sosial təminatının, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, sağlamlıqları ilə bağlı səhiyyə xidmətlərinin göstərilməsi istiqamətində ciddi addımlar atdı. Ulu Öndərin hakimiyyəti illərində əlillərə böyük qayğı, diqqət var idi. Bu gün də həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əminliklə demək olar ki, dünyanın bir çox ölkələri ilə müqayisədə Azərbaycanda sosial cəhətdən həssas vətəndaşlara xüsusi qayğı göstərilir. Onlara mənzillər, avtomobillər verilir, tibbi xidmətlər göstərilir, pensiya və müavinətlər artırılır. Prezident İlham Əliyevin sosial islahatlar paketi Azərbaycanda dinamik inkişafa səbəb oldu. Ölkə başçısının qayğısını hər bir Azərbaycan vətəndaşı, xüsusilə 650 minə yaxın əlil hiss edir və onlar hər zaman dövlətin yanındadırlar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın həssas qrupların nümayəndələri üçün tikilmiş müxtəlif sosial obyektlərin açılışında iştirak etməsi, imzalanan sənədlər bu kateqoriyadan olan insanlara göstərilən diqqətin bariz nümunələrindəndir.

Ölkəmizdə gözdən əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərin bir istiqaməti də onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib. Prezident İlham Əliyevin 2019-cu il 11 iyun tarixli Sərəncamı həmin kateqoriyadan olan vətəndaşların mənzillə təminatına xüsusi qayğının növbəti göstəricisidir”.

“Ümummilli Lider dünya səviyyəli dövlət xadimi idi. Hər xalqa belə dahi, uzaqgörən liderlər qismət olmur. Biz çox xoşbəxt xalqıq ki, belə öndərimiz olub. Ulu Öndərin xalq, Vətən üçün əvəzsiz xidmətləri bizim hər birimizə örnəkdir. Onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, gördüyü işlər əsrlər keçsə də unudulmayacaq", - deyə S.Abdullayev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.