ELM VƏ TƏHSİL
“Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsinə yekun vurulub
Bakı, 6 may, AZƏRTAC
Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi və yekun konserti keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında 4 nominasiya üzrə (şeir, bəstəkar mahnıları, təsnif və xalq mahnıları, milli rəqs) keçirilən müsabiqəyə 3000-ə yaxın tələbə qatılıb. Müsabiqədə peşəkar münsiflər heyəti tərəfindən 86 qalib seçilib.
Tədbirdə şagird və tələbələrin ifasında Ümummilli Liderə həsr olunmuş şeir və mahnılar səsləndirilib.
Yekunda qaliblərə Təhsil Nazirliyinin diplom və hədiyyələri təqdim edilib.
Qeyd edək ki, müsabiqənin məqsədi ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında misilsiz xidmətlərini gənclərə aşılamaq, gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, istedadlı gəncləri üzə çıxarmaqdan ibarət olub.