CƏMİYYƏT


“Şən inklüziv badminton” layihəsinin təqdimatı olub

Bakı, 2 avqust, AZƏRTAC

Avqustun 2-də “Şən inklüziv badminton” layihəsinin rəsmi açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin və Badminton Federasiyasının birgə layihəsi olan tədbirdə Milli Məclisin deputatları, olimpiya idman növləri federasiya rəhbərləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, "Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı" Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Fuad Musayev bildiriblər ki, 2021-ci ilin oktyabrında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əsas fəaliyyət istiqaməti həssas qrupdan olan şəxslərin sosial adaptasiyası, onların bacarıqlarının üzə çıxarılmasına dəstək göstərməkdir. Mərkəz bu hədəfə nail olmaq üçün müstəqil layihələrlə yanaşı, müntəzəm olaraq digər qurumlarla birgə proqramlar həyata keçirir. Badminton Federasiyası ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan bu layihə də sosial siyasətin əsas prioriteti kimi inklüziv inkişafı təmin etmək, mərkəzin benefisiarlarına cəmiyyətə inteqrasiya prosesini sürətləndirmək məqsədi daşıyır. Qeyd olunub ki, ölkəmizdə 53 mindən çox əlilliyi olan uşaq var. Onların cəmiyyətə qaynayıb-qarışması üçün vəzifəsindən asılı olmayaraq hər bir vətəndaş əlindən gələni əsirgəməməlidir.

Tədbir çərçivəsində, həmçinin “Şən inklüziv badminton” layihəsinin təqdimatı və fəaliyyət qaydaları haqqında məlumat verilib. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarından ibarət komandaların hər bir iştirakçısına ağ köynəklər təqdim olunub. Mərkəzin üzvləri həmin köynəklərin üzərində yumoristik, bədii və hazırcavab şüarlara əsaslanan, əvvəlcədən müəyyən edilmiş komanda yanaşmasına uyğun dizaynlar yaradıblar. Dizaynların hədəfi “Şən Valan” rəsmini Olimpiya halqalarının rənglərinə boyayaraq badmintonun hər kəs üçün əlçatan olduğu mesajını vurğulamaqdır. Həmin rəsmli köynəklər Azərbaycan milli badminton komandasının üzvlərinə hədiyyə edilib.

Proqram çərçivəsində benefisiarlar badminton milli komandasının üzvlərinin və qonaqların vahid iştirakı ilə problem əsaslı tədris metodları üzrə səmimiyyət və əməkdaşlıq məqsədli 5 interaktiv, inklüziv simulyasiya fəaliyyətinə cəlb edilib. Həmin tədris metodu inklüziv benefisiarların məntiqi düşüncə tərzinin inkişafına yönəlib. Badmintonun hər kəsə əlçatanlığını göstərmək üçün tədbir iştirakçılarına Virtual Reallıq proqramı nümayiş etdirilib. Proqram xüsusi səs effektləri və 3D görüntü vasitəsilə fiziki məhdudiyyətli iki inklüziv benefisiara öz həmkarları ilə virtual formada badminton oynamaq imkanı qazandırır. Layihə iştirakçılarına sertifikatlar təqdim olunub.

Tədbir mərkəzin üzvlərinin ifasında musiqi proqramı ilə davam etdirilib. İştirakçılar benefisiarların əl işlərindən ibarət sərgi ilə də tanış olublar.

Qeyd edək ki, həmin layihə benefisiarlara dünyada trend olan Sosial Korporativ Məsuliyyət modeli, STEAM əsaslı tədris, virtual reallıq, eləcə də alqoritmik startup proqramları vasitəsilə müasir texnologiyalarla badmintonun yeni idman növünü sınaqdan keçirmək imkanı qazandıracaq. Bununla da, Bakı şəhəri və regionlar üzrə potensial inklüziv klublar yaradaraq badmintonu hamı üçün inklüziv idman növü kimi tərənnüm etmək, benefisiarlar üçün effektiv, güclü və davamlı mühitə nail olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.