CƏMİYYƏT


Sənan Ələsgərov: Könüllülük fiziki məhdudiyyətli vətəndaşların cəmiyyətə adaptasiyasına kömək edir

Bakı, 17 mart, AZƏRTAC 

“ASAN xidmət” cəmiyyətə adaptasiya üçün çox əlverişli və gözəl mühitdir. İyirmi üç yaşım var. 6 il “ASAN xidmət”də, müxtəlif təşkilatlarda, yarışlarda könüllülük fəaliyyəti ilə məşğul olmuşam. Karyeramın ilk addımlarını könüllü kimi atmışam. Bunun nəticəsidir ki, hazırda “ASAN xidmət” mərkəzinin əməkdaşıyam.

AZƏRTAC xəbər verir ki, bunu “ASAN xidmət” mərkəzində Sağlamlıq İmkanları Məhdud Gənclərlə İş Departamentinin müdiri, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin insan resursları və təlim şöbəsinin könüllülərlə iş sektorunun əməkdaşı Sənan Ələsgərov deyib.

S.Ələsgərovun sözlərinə görə, könüllülük ona vətəndaşlara xidmətə dair təcrübə qazandırıb, fiziki məhdudiyyətin dövlətə və millətə təmənnasız faydalı olmağa əngəl törətmədiyini hiss etdirib. O, könüllülüyün ona qazandırdığı keyfiyyətlərin bu gün həyatda uğur əldə etməsinə vəsilə olduğunu diqqətə çatdırıb.

“Bəzən gənclərimiz karyeralarını hansı istiqamətdə quracaqlarına qərar verə bilmir, tərəddüd edirlər. Mən onlara demək istərdim ki, hər şeyə əvvəlcə könüllülükdən başlasınlar. Könüllülük onlara həyatda hansı mövqedə olacaqlarını müəyyən etməyə imkan verir. Gənclər könüllü olarkən bir növ özlərini kəşf edirlər.

2017-ci ilin dekabrında “ASAN xidmət”də yeni bir proqrama start vermişik və proqrama əsasən əlilliyi olan vətəndaşları könüllülük fəaliyyətinə cəlb edirik. Əlilliyi olan gənclər də sağlam könüllülərlə bərabər iki ay müddətində könüllü kimi fəaliyyət göstərirlər. Bu, onlara böyük stimul verir. Hazırda əlilliyi olan vətəndaşların cəmiyyətə adaptasiyasında müəyyən problemlər var. Biz evdə oturub cəmiyyətə qəbul olunmaq gözləyə bilmərik. Əslində cəmiyyətin fiziki məhdudiyyətli vətəndaşları qəbul edib-etməməsi absurddur. Çünki cəmiyyətdə hər kəs bərabər hüquqa malikdir. Hər şey ailədən başlayır. Təəssüf ki, bəzi ailələr var ki, fiziki məhdudiyyətli övladlarını cəmiyyətdən gizlədirlər. Həm əlilliyi olan gənclərimizə, həm də onların valideynlərinə səslənirəm ki, “ASAN xidmət” cəmiyyətə adaptasiya üçün çox əlverişli və gözəl mühitdir. Hər gün “ASAN xidmət” mərkəzlərinə minlərlə vətəndaş müraciət edir. Onların hər biri könüllülərlə ünsiyyətdə olur. Elə gənclər olub ki, bizə müraciət edən zaman özlərinə qapanmış vəziyyətdə olublar. Lakin iki ay könüllülük fəaliyyətindən sonra cəmiyyətə inteqrasiya olunub, hətta tədbirlərdə çıxış ediblər. Hər kəsi könüllülüyə dəvət edirəm. Karyerasında uğur qazanmaq istəyən gəncləri könüllü kimi fəaliyyətə başlamağı tövsiyə edirəm.

Əlilliyi olan gənclərə və onların valideynlərinə də müraciət etmək istəyirəm ki, könüllülük üçün istənilən vaxt “ASAN xidmət”ə müraciət edə bilərlər. Fiziki məhdudiyyətli gənclərin müraciəti qəbul olunur və könüllü kimi fəaliyyətə başlayırlar. İki aydan sonra onlara sertifikat verilir. Əgər istəsələr, “Master-2” pilləsinə də könüllü olaraq davam edə bilirlər”, - deyə S.Ələsgərov diqqətə çatdırıb.

O, Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsini gənclərə, könüllülərə verilən dəyərin və diqqətin göstəricisi adlandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.