İDMAN
Sənan Qurbanov: Kubok oyunları fərqli olur
Bakı, 17 dekabr, Nicat Məmmədov, AZƏRTAC
Kubok oyunları fərqli olur. Çünki burada rəqiblə qarşılaşmalar iki matçdan ibarət olur. Oyundan öncə komandanı məlumatlandırmışdıq ki, müdafiədə diqqətli olmalıyıq. Həm kollektiv şəkildə hücum etməli, həm də komanda şəklində müdafiə olunmalı idik. Bütün bunların detallarını futbolçulara tapşırmışdım. Verilən göstərişlərimin müəyyən hissəsi alınsa da, əksəriyyəti alınmadı.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun dörddəbir final mərhələsində "Sabah"la oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
"Komanda halında müdafiə olunarkən müəyyən çatışmazlıqlar oldu. Nəticədə qapımız önündə təhlükələr yarandı. Hərçənd bilirdik ki, rəqib əks hücumlarda təhlükəli epizodlar yarada bilər. Təəssüflər ki, bununla bağlı verilən tapşırıqlar yerinə yetirilmədi. Amma bizim də qol imkanlarımız oldu. Həmin epizodları qola çevirsəydik, fərqli oyun və hesab ola bilərdi. Komanda qol imkanını qaçıranda psixoloji təsir edir. Sevindiricidir ki, evdə qol buraxmadan qalib gəldik. Cavab görüşünə daha ciddi hazırlaşacağıq ki, həmin səhvlər təkrarlanmasın. Rauf Əliyevin oyunundan razı qaldım, diqqətlidir, verilən tapşırıqları yerinə yetirməyə çalışır. Qismət Alıyev də verilən tapşırıqları düzgün yerinə yetirən futbolçulardandır. “Sabah” çox yaxşı komandadır. İlk oyundan sonra yarımfinal şansları yenə bərabər qiymətləndirirəm”, - deyə baş məşqçi bildirib.
Qeyd edək ki, futbol üzrə Azərbaycan kubokunda ilk dörddəbir final mərhələsində "Qəbələ" doğma meydanda "Sabah"ı minimal hesabla məğlub edib (1:0).