İDMAN
Sənan Qurbanov: bu qələbə bizim üçün çox vacib idi
Bakı, 5 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Bu oyuna qələbə üçün çıxmışdıq. Bu qələbə bizim üçün çox vacib idi. Orta sahə oyunçularına pressinqlə topu rəqibdən almaq və hücumları başlamaq tapşırığı verilmişdi. Bu, tapşırığım matçın ilk yarısında alındı. Kifayət qədər qol imkanları yaratdıq. Hər iki qolla nəticələn epizodu layiqli istifadə etdik. Hətta oyunun taleyini də həll edə bilərdik. Fasilədən sonra oyun rəqibin üstünlüyü şəraitində keçdi. İkinci hissədən narazı qaldım. Qarşılaşmanı təhlil edəcəyik. Çalışacağıq ki, belə səhvləri təkrarlamayaq. Vacib olan üç xalı qazandıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 10-cu turunda debütant “Sabah” ilə oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
“Futbolçularımızı təbrik edirəm. Uğursuz oyunlardan sonra heyətdə dəyişikliklər etməliydik. Aqil Məmmədovla Ceyms Adeniyi məşqlərdə özlərini yaxşı göstərdilər. Aqil çox istəklidir, Ceyms də adaptasiya prosesi uzun çəkdi. Artıq komandaya tam uyğunlaşıb. Oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq. Komandada rəqabət olmasını istəyirik. Bütün futbolçulara şans verməyə çalışırıq”, - deyə baş məşqçi bildirib.
Qeyd edək ki, “Qəbələ” – “Sabah” oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 5-ci dəqiqədə Ceyms Adeniyi açıb. Bundan 10 dəqiqə sonra isə Stiven Monroz “Qəbələ”nin ikinci qolunu vurub. “Sabah” təsəlli qoluna 52-ci dəqiqədə imza atıb. Bəxtiyar Soltanov fərqi azaltsa da, komandanın bundan artığına gücü çatmayıb.
Bu qələbə sayəsində xallarını 12-yə çatdıran “Qəbələ” 5-ci pilləyə yüksəlib. “Sabah” isə 16 xalla 3-cü pillədə qalıb.