İDMAN
Sənan Rzazadə: Tamblinq üzrə Azərbaycan birinciliyində qalib gəldiyim üçün sevinirəm
Bakı, 29 yanvar, AZƏRTAC
Tamblinq üzrə 18-ci Azərbaycan birinciliyində qalib gəldiyim üçün çox sevinirəm.
AZƏRTAC xəbər verir ki, bunu yanvarın 29-da Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan birinciliyinin və Bakı çempionatının iştirakçısı, tamblinq yarışının uşaqlar yaş qrupunda birinci yeri tutan Sənan Rzazadə deyib.
Gimnastika ilə beş ilə yaxındır məşğul olduğunu deyən gənc idmançı bildirib: “Gimnastikanı çox sevirəm. İdmanda böyük uğurlar qazanmaq, nüfuzlu beynəlxalq yarışlarda iştirak etmək istəyirəm. Milli Gimnastika Arenasında təşkil olunan yarışda ilk dəfədir iştirak edirəm. Burada dünyanın məşhur gimnastları çıxış ediblər, böyük yarışlar keçirilib. Ona görə də bu zalda çıxış etməkdən və birinci olmaqdan çox məmnunam. Bu, mənim üçün böyük stimul olacaq”.
Qeyd edək ki, çempionat və birincilikdə batut yarışlarında 34, tamblinq yarışlarında isə 20 idmançı iştirak edir.
Turnirdə idmançılar fərdi proqramda batut üzrə balacalar (2015), uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2006-2009) və böyüklər (2005-ci il və daha böyük), tamblinq üzrə uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2006-2009) və böyüklər (2005-ci il və daha böyük) yaş kateqoriyalarında mübarizə aparırlar.