İQTİSADİYYAT
Sənaye Korporasiyası Almaniya şirkəti ilə alüminium sahəsində birgə investisiya layihələrini müzakirə edib
Bakı, 13 mart, AZƏRTAC
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə və Almaniyanın “Achenbach Buschhütten” şirkətinin beynəlxalq satış üzrə icraçı direktoru Rolf Vilbersin başçılıq etdiyi nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, “Azəralüminium” MMC-də müəssisənin istehsal gücünün artırılması və bu istiqamətdə zəruri avadanlıqların, nou-hau (know-how) alman texnologiyasının tətbiqi, eləcə də mühəndislik xidmətlərindən istifadə olunması kimi təkliflər irəli sürülüb.
“Achenbach Buschhütten”in nümayəndəsi qeyd edib ki, şirkətin mütəxəssisləri “Azəralüminium” MMC-nin ərazisinə baxış keçirib, müəssisədəki mövcud vəziyyətlə tanış olub və istehsal gücünün artırılması istiqamətində zəruri olan tədbirlər müəyyən edilib. Bundan əlavə, layihənin səmərəliliyinin müəyyənləşdirilməsi məqsədilə texniki iqtisadi əsaslandırılmanın hazırlanması istiqamətində də müzakirələr aparılıb. Yeni metalyayma zavodunun inşası, investisiya yatırımının perspektivləri də görüşün müzakirə mövzusu olub.
Görüşdə Azərbaycan Sənaye Korporasiyasının “Strateji inkişaf və kommersiya” departamentinin əməkdaşları və “Azəralüminium” MMC-nin rəhbər heyəti iştirak edib.