ELM VƏ TƏHSİL


Sənaye əhəmiyyətli qızıl yatağını kəşf edən geoloq

Bakı, 12 fevral, AZƏRTAC

Həyatda hər kəs bir sənətə, peşəyə yiyələnir. Amma öz işinin ustası olmaq hər kəsə nəsib olmur. Vasif Xəlilzadənin ömür yoluna nəzər saldıqda isə bu qənaətə gəlirik ki, o, seçdiyi geoloq sənətinə nəinki mükəmməl yiyələnib, bu sənətin ən yüksək zirvəsini fəth edib.

Daş içində qızıl yatağının kəşfi və ya saf qəlbli insan

Azərbaycanın Əməkdar geoloqu Vasif Qurban oğlu Xəlilzadə 1932-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açmışdı. Geoloq sənətini seçməsi bəlkə də Vasifin doğma Vətənin təbiətinə, daşına, torpağına, dağlarına, qayalarına vurğunluğundan, yaradıcı təbiətindən irəli gəlirdi. 1955-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsini bitirdi. Geoloji axtarışlardan yorulmayan Vasif kiçik qardaşı, Rəssamlıq Məktəbində oxuyan Fərhadı da özü ilə aparırdı.

Azərbaycanın Xalq rəssamı Fərhad Xəlilov AZƏRTAC-ın müxbiri ilə söhbətində o illəri xatırlayaraq deyib: “Qardaşım Vasif gəncliyində həm geoloq idi, həm alpinist. Dağların vurğunu idi. Mən deyərdim ki, bu da bir növ rəssam işidir”.

Vasif Xəlilzadənin geoloji tapıntılarının biri Azərbaycan geologiyasında mühüm hadisə oldu. İlk dəfə olaraq qızılı daş içində o tapmışdı. Lakin qızıl kimi saf qəlbə malik geoloq bu kəşfini rəsmiləşdirmək barədə düşünmədi və həmin tapıntıdan əldə yalnız süxurun şəkli qaldı. Vasif Xəlilzadə 1959-cu ildə Azərbaycanda ilk dəfə olaraq gözlə görünən Veynəli köklü, sənaye əhəmiyyətli qızıl yatağını kəşf edənlərdən biri olub.

Sovet dövründə rəsmiləşdirilmiş 7 elmi ixtira

Vasif Xəlilzadə əmək fəaliyyətinə 1954-cü il iyulun 5-də Azərbaycan Respublikası Nazirlər Sovetinin Geologiya İdarəsində baş kollektor-geoloq vəzifəsində başlayıb. Sonralar Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunda baş laborant, kiçik elmi işçi, Geologiya İdarəsində geoloji partiyaların baş geoloqu, rəis vəzifələrində çalışıb.

Onun elmi fəaliyyəti əsasən respublika ərazisində yerin təkində olan təbii mineralların öyrənilməsi, onların istehsala verilməsinin hazırlanması idi. Sovet dövründə Vasif Xəlilzadənin 7 ixtiranın müəllifi olduğu rəsmən təsdiqlənmişdi. Bu sıraya “2-metilpentenanın alınması üsulu”, “Tsikloheksanın alınması üsulu”, “Gübrənin alınması üsulu”, “Tərkibində mikroelementlər olan sadə superfosfatın alınması üsulu”, “Şpaklyovka”, “Qazların kükürd oksidindən təmizlənməsi üsulu”, “Fosfor-kaliumlu gübrənin alınması üsulu” patentləri daxildir. Bu ixtiralara müəlliflik şəhadətnaməsi SSRİ kimi böyük dövlətin ərazisinə şamil olunurdu. 

Azərbaycanın Əməkdar geoloqu

Vasif Xəlilzadə Azərbaycan SSR Dövlət Plan Komitəsinin dağ-mədən və metallurgiya sənayesi, geologiya və metallurgiya sənayesi, mineral ehtiyatları, sular və ekologiya şöbələrində baş mütəxəssis, əsasən isə şöbə rəisi vəzifələrində çalışıb. 1977-ci ilin dekabrından 1978-ci ilin dekabrınadək SSRİ Dövlət Plan Komitəsi işçi qrupunun üzvü kimi Yəməndə ezamiyyətdə olub. 1981-ci ildə Azərbaycanın Əməkdar geoloqu fəxri adına layiq görülüb.

Ümumiyyətlə, istər sovet dövründə, istərsə də müstəqillik illərində Vasif Xəlilzadə bir çox mükafatlarla təltif edilib. Bu sırada Aydağ yatağında təbii seolitin fiziki-kimyəvi və katalitik tədqiqinə və 1978-ci ildə müsabiqədə iştirakına görə fəxri fərmanı, anadan olmasının 50 və 75 illiyi, eləcə də əmək fəaliyyətinin 50 illiyi münasibətilə fəxri fərmanları, “Əmək veteranı” medalını, SSRİ Geologiya Nazirliyinin “Yer təkinin kəşfiyyatı” medalını, “Ətraf mühitin çirklənməsinin qarşısının alınmasında ən yaxşı texniki və təşkilati həll üçün” diplomunu və digər təltifləri qeyd etmək olar.

                                                          Onu hamı sevirdi

Yaxşı mütəxəssisə həmişə ehtiyac olur. Vasif Xəlilzadə pensiyaya çıxandan sonra 1994-cü ildə onu “Azərqızıl” Dövlət Şirkətində iqtisadiyyat və maliyyə şöbəsinin rəisi vəzifəsinə dəvət etdilər. Sonralar “YUJSNİQRİ” elmi-tədqiqat layihə institutunun direktorunun birinci müavini oldu. “Azərqızıl” şirkətinin ləğvi ilə əlaqədar Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin tabeliyinə verilmiş “YUJSNİQRİ” elmi-tədqiqat institutunun direktorunun birinci müavini vəzifəsinə təsdiq edildi.

2002-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat Layihə, Nəcib, Nadir və Əlvan Metallar İnstitutu (“YUJSNİQRİ”) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Elmi-Tədqiqat İnstitutu adlandırıldı. Vasif Xəlilzadə institutda 2002-2012-ci illərdə direktor müavini, elmi işçi, 2017-ci ilədək faydalı qazıntıların proqnozlaşdırılması laboratoriyasının aparıcı elmi işçisi vəzifələrində çalışdı. 2007-ci ildə Beynəlxalq Ekoenerji Akademiyasının geologiya üzrə professoru dərəcəsini aldı.

O, institutun geoloji, geo-texnoloji, geo-iqtisadi, geo-ekoloji, dağ-mədən işlərinin aparılmasına nəzarət etməklə yanaşı, yeni tematik planların seçilməsində fəal çalışırdı. Ayrı-ayrılıqda aparılan tematik işlərin, 50-dən çox elmi hesabatın həmmüəllifi olan Vasif Xəlilzadə daim axtarışlar, kəşflər, yeni ixtiralar sorağında idi. Layihələri çox idi. Yeri gəlmişkən, 2004-cü ildə AZƏRTAC-a müsahibəsində seolit yataqları ilə bağlı fikirlərini bildirmişdi.

İnfarkt keçirdikdən sonra 2017-ci ildə institut rəhbərliyinin təkidinə baxmayaraq, əmək fəaliyyətini dayandırdı. 2018-ci ilin dekabrında vəfat edən Vasif Xəlilzadə həyata keçirə bilmədiyi nə qədər layihəni özü ilə apardı.

Qardaşı Fərhad Xəlilov deyir ki, ailədə nə özü, nə də o biri qardaşı Vasif kimi olmayıb: “Ailəmizdə əsl ziyalı Vasif idi. Çox genişürəkli insan idi. Olduqca xeyirxah idi, incə qəlbi vardı, hər kəsə yaxşılıq etməyi özünə borc bilirdi”.

Vasif Xəlilzadənin ömür-gün yoldaşı Rəhilə xanım isə onun yoxluğu ilə barışa bilmir, hətta təsəlli üçün həyat yoldaşının ona azacıq olsa belə laqeyd, sərt münasibətini xatırlamır. Sədaqətli ər, qayğıkeş ata, gözəl qayınata, sevimli baba, əvəzedilməz qardaş olan Vasif Xəlilzadənin yoxluğu bu ailə üçün böyük itkidir.

Onun evinin qapıları hər kəsin üzünə açıq idi. Onu hamı – ailəsi, qohumlar, dostlar, tanışlar, iş yoldaşları çox sevirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.