İQTİSADİYYAT
Sənaye müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlim keçirilib
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair növbəti təlim keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mükafatlandırma siyasəti mövzusuna həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının və sənaye müəssisələrinin nümayəndələri iştirak edib. Təlimdə İqtisadiyyat Nazirliyinin korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Tural Məmmədov mükafatlandırmanın korporativ idarəetmə baxımından mahiyyəti, Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi barədə iştirakçılara məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.
“Azərsun” şirkətinin nümayəndəsi mövzu çərçivəsində şirkətin təcrübəsi barədə danışıb, müzakirələr aparılıb.
Ümumilikdə, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqi ilə bağlı 2016-cı ildə İqtisadiyyat Nazirliyi tərəfindən 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. Artıq 5 belə təlim keçirilib.