ELM VƏ TƏHSİL
Sənaye mülkiyyəti obyektləri üzrə dövlət reyestrində ixtiralara dair 64 patent qeydiyyata alınıb
Bakı, 11 fevral, AZƏRTAC
2018-ci il ərzində sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsinə 2973 müraciət və ərizə daxil olub. Sənaye mülkiyyəti obyektləri üzrə dövlət reyestrində ixtiralara dair 64 patent qeydiyyata alınıb. Onlardan 54-ü milli, 10-u xarici hüquqi şəxslərə məxsusdur. Faydalı modellərə dair 16 patent qeydiyyata alınıb. Onlardan 15-i milli, 1-i xarici hüquqi şəxslərə məxsusdur. Sənaye nümunələrinə dair 24 patent qeydiyyata alınıb. Onlardan 11-i milli, 13-ü xarici hüquqi şəxslərə məxsusdur.
AZƏRTAC xəbər verir ki, bu faktlar "İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu" mövzusunda Bakıda keçirilən konfransda açıqlanıb.
Bildirilib ki, müvafiq dövlət reyestrində 1070 əmtəə nişanı qeydiyyata alınıb. Onlardan 720-si milli, 350-si xarici fiziki və hüquqi şəxslərə məxsusdur. Coğrafi göstəricilər üzrə istifadə hüquqlarına dair 12 şəhadətnamə milli hüquqi şəxsin adına qeydiyyata alınıb. Patentlərin qüvvədəolma müddətinin uzadılması barədə 246, şəhadətnamələrin qüvvədəolma müddətinin uzadılması barədə 586, əmtəə nişanlarına dair 270 və patentlərə dair dəyişikliklər edilməsi haqqında 5 bildiriş qeydiyyata alınıb, 11 dublikat, 38 çıxarış verilib, 670 bildiriş göndərilib. Sənaye mülkiyyəti obyektləri üzrə 95 müqavilə qeydiyyata alınıb. Onlardan 82-si əmtəə nişanları üzrə hüquqların, 1-i ixtira üzrə hüquqların verilməsinə, 12-si əmtəə nişanları üzrə istifadə hüququna dair lisenziya verilməsinə aiddir.
Diqqətə çatdırılıb ki, sənaye mülkiyyəti obyektlərinin hüquqi statusu və onlar haqqında sonrakı dəyişikliklər, müəlliflər, iddiaçılar və hüquq sahibləri haqqında, sənaye mülkiyyəti obyektlərinə dair hüquqların, onlardan istifadəyə dair lisenziya müqavilələrinin verilməsi və bu sahəyə dair digər reyestrə daxil edilmiş məlumatlar "Sənaye mülkiyyəti" rəsmi bülletenində dərc edilib.