ELM VƏ TƏHSİL
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yeni əməkdaşlığa başlayır
Bakı, 30 yanvar, AZƏRTAC
Koreya peşə təhsili standartları əsasında yaradılmış Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Şərq Motors” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, memorandumun imzalanmasında başlıca məqsəd peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdir.
Əməkdaşlıq çərçivəsində mərkəzdə avtomobil sahəsində təhsil alacaq tələbələrin peşə bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramları, ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların keçirilməsi və məzun tələbələrin işlə təmin olunması üzrə “Şərq Motors” tərəfindən dəstək göstərilməsi də nəzərdə tutulur.
Xatırladaq ki, 2019-cu il sentyabrın 13-dən fəaliyyətə başlayan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi beynəlxalq təhsil standartlarına əsaslanan və qlobal sənaye tələbatına uyğun olan rəqabətqabiliyyətli kadr hazırlığına istiqamətlənən mərkəzdir. Sumqayıt Texnologiyalar Parkı, “Cisco”, “Huawei”, “Mitsubishi”, “EduMedia”, “Subaru”, “Optimal Electronics”, “Tech Academy”, “Honda”, “Helind”, “Mazda”, “Azedunet”, “Toyota Azərbaycan”, “Mars Academy”, “Turox Aero Technologies”, “Baku Roofing Company”, “Cahan Motors”, “Sigma Tecnical Services”, “Suez”, “Alstom”, “İKMA”, “Cahan Motors”, “Sumqayıt Texnologiya Data Mərkəzi” kimi qabaqcıl müəssisələr artıq mərkəzlə əməkdaşlığa başlayıb.