ELM VƏ TƏHSİL
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə qəbulun nəticələri açıqlanıb
Bakı, 11 avqust, AZƏRTAC
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə 2020-2021-ci il tələbə qəbulu üzrə elektron müraciət etmiş və müsahibədən uğurla keçmiş namizədlərin adları açıqlanıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, müsahibədən uğurla keçən namizədlər avqustun 20-dək www.qebul.vet.edu.az saytına daxil olaraq mərkəzləşmiş elektron sistemdə qeydiyyata alınmaları üçün şəxsi kabinet yaratmalıdırlar. Təkrarən heç bir ixtisasa müraciət etməyə ehtiyac yoxdur. Müsahibədən keçdikləri üçün sistemdə qeydiyyatları var və qəbul olunduqları ixtisas üzrə avtomatik yerləşdiriləcəklər.
Qəbul ola bilməyən namizədlər isə peşə təhsili müəssisələrinə mərkəzləşmiş tələbə qəbulu sistemindən (www.qebul.vet.edu.az) qeydiyyatdan keçərək istədikləri ixtisasa yenidən müraciət edə bilərlər.
Qeyd edək ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tam orta təhsil bazasından torna və frezer dəzgahların operatoru, avtomobil diaqnostikası və təmiri ustası, sənayedə quraşdırma işləri üzrə usta, elektronika ustası, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, inşaat ustası, mebel ustası, veb-dizayner və proqram təminatçısı, avtomatika üzrə usta ixtisaslarında 1 illik (texniki peşə təhsili) təhsil üçün sənəd qəbul olunur. Eyni zamanda, avtomobil diaqnostikası və təmiri ustası və veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə 3 illik (subbakalavr, yüksək texniki peşə təhsili) proqramlarda təhsil almaq mümkündür.
Xatırladaq ki, avqustun 10-dan etibarən peşə təhsili müəssisələrinə sənəd qəbuluna başlanılıb. Sənəd qəbulu avqustun 24-dək elektron qaydada (http://qebul.vet.edu.az/) səhifəsindən qeydiyyatdan keçməklə aparılacaq. Müsabiqənin nəticələri avqustun 25-də açıqlanacaq və qəbul olunan namizədlərin mobil nömrələrinə SMS gələcək.