İQTİSADİYYAT
Sənayenin inkişafı ilə bağlı idxaldan asılılıq əhəmiyyətli dərəcədə azalıb
Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycanda sənayeyə yeni yanaşmalar uğurla tətbiq edilir, sənaye parkları və məhəllələri, yeni istehsal sahələri yaradılır. Bu il ölkə iqtisadiyyatı 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, qeyri-neft sənayesi 1,9 dəfə artıb. Yoxsulluq səviyyəsi 5,3 faizədək azalıb, 1,2 milyon iş yeri açılıb.
Bunları iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov AZƏRTAC-a müsahibəsində deyib. Yeni əsrin tələblərinə və çağırışlarına uyğun olaraq ölkəmizdə aparılan islahatlara diqqət çəkən N.Səfərov vurğulayıb ki, dövlət proqramları böyük uğurla icra edilir: “Genişmiqyaslı infrastruktur layihələri hazırlanır, özəl sektorun inkişafına dövlət qayğı göstərir, ən müasir texnologiyalara əsaslanan müəssisələr açılır, iqtisadiyyata investisiya qoyuluşu genişlənir. Sənaye parkları və sənaye məhəllələrinin yaradılması istiqamətində görülən işlər mühüm əhəmiyyət kəsb edir. Hazırda Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkında infrastrukturun yaradılması işləri davam etdirilir. Hər iki sənaye parkında rezidentlərin qeydiyyatına başlanılıb”.
Nazir müavini qeyd edib ki, son illərdə sənayenin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində bir çox sahədə idxaldan asılılıq əhəmiyyətli dərəcədə azalıb. Qida sənayesi ilə yanaşı tikinti materialları istehsalı sahəsində də daxili tələbin ödənilməsi istiqamətində mühüm işlər görülüb, yeni istehsal gücləri istifadəyə verilib. Sement, gips, gipskarton lövhə, hörgü blokları, metal konstruksiya, lak boya istehsalı daxili tələbatı tamamilə ödəyir.