ELM VƏ TƏHSİL
Sənayenin rəqabətqabiliyyətliliyi indeksinə həsr olunan elmi seminar keçirilib
Bakı, 26 yanvar, AZƏRTAC
AMEA İqtisadiyyat İnstitutunda sənayenin rəqabətqabiliyyətliliyi indeksinə həsr olunan onlayn elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarı giriş sözü ilə açan elmi müəssisənin direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli tədbirin əsas müzakirə mövzusu barədə məlumat verib.
Seminarda institutun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Şahin Sadıqovun “Sənayenin rəqabətqabiliyyətliliyi indeksinin (SRİ) təhlili və Azərbaycanın bu indeksdə mövqeyinin yaxşılaşdırılması istiqamətləri ” mövzusunda məruzəsi dinlənilib. Tədqiqatçı sənayenin rəqabətqabiliyyətliliyi indeksinin mahiyyəti, onun müəyyən edilməsi metodologiyası və bu indeks üzrə beynəlxalq reytinqdə Azərbaycanın mövqeyindən bəhs edib. O diqqətə çatdırıb ki, sənayenin rəqabətqabiliyyətlilik indeksi adıçəkilən sektorun ölkənin inkişafına hansı səviyyədə töhfə verməsinin göstəricisidir. Bu indeks ölkə sənayesinin istehsalda və istehsal edilmiş məhsulların daxili və xarici bazarda satışında hansı səviyyədə müvəffəqiyyətli olduğunu, nəticədə struktur dəyişikliyinə və inkişafına hansı dərəcədə töhfə verdiyini göstərir.
Məruzəçi dünyanın aparıcı dövlətlərinin sənayesinin durumu haqqında statistik məlumatları nəzərdən keçirib. Sənayenin rəqabətqabiliyyətliliyi indeksi üzrə beynəlxalq sıralanmadakı vəziyyətlə bağlı və subindekslər üzrə ölkələrarası, o cümlədən Azərbaycanın mövqeyi üzrə müqayisəli təhlillər aparıb. Bu sıralamada respublikamızın vəziyyətinin yaxşılaşdırılması istiqamətində təkliflər irəli sürüb.
Sonra məruzəçi sualları cavablandırıb, mövzu ətrafında müzakirələr aparılıb.