MƏDƏNİYYƏT
Sənədli film: tarix olduğu kimi
“SSRİ. Tərsinə imperiya” sənədli filmində
Azərbaycanın görkəmli insanlarından da bəhs olunub
Bakı, 30 oktyabr, AZƏRTAC
Ümumrusiya Dövlət Televiziya və Radio Şirkətinin (VQTRK) rəqəmsal telekanallarının maarifləndirici xəttinə daxil olan “İstoriya” telekanalı öz yeni layihəsinin – 10 seriyalı “SSRİ. Tərsinə imperiya” sənədli filminin nümayişinə başlayır.
AZƏRTAC “Nezavisimaya qazeta”ya istinadla xəbər verir ki, rejissoru Yuri Starikov olan filmin təqdimatı Müasir Rusiya Tarixi Dövlət Mərkəzi Muzeyində keçirilib. Nadir tarixi kinoxronikadan, məxfi sənədlərdən, şəxsi ailə arxivlərindəki fotoşəkillərdən, müsahibələrdən istifadə olunmuş filmdə, eyni zamanda, müttəfiq respublikaların tarixinə aid maraqlı faktlar əksini tapıb. Görkəmli bəstəkar Qara Qarayevin oğlu, Moskva Konservatoriyasının professoru Fərəc Qarayev sənədli filmdə Azərbaycanın istedadlı sənət adamlarından danışır. Həmçinin Moskvada yaşayıb fəaliyyət göstərən həmvətənimiz, “Texno–Svar–TMZ” ASC-nin baş direktoru Füzuli Fərəcovla bağlı kinokadrlar nümayiş etdirilir. Məşhur “Buran” kosmik təyyarəsinin hazırlanmasında iştirak etmiş Füzuli Fərəcov “SSRİ. Tərsinə imperiya” sənədli filminin təqdimat mərasiminə şəxsən qatılıb.
“Biz o dahi və gözəl insanların xatirəsini yaddaşlarda saxlamaq istədik. Ölkənin gücünü və qüdrətini məhz onlar: əfsanəvi rejissorlar, aktyorlar, tanınmış həkimlər, mühəndislər, kosmonavtlar, alimlər, idmançılar, yazıçılar, rəssamlar formalaşdırıb. Onlardan bir çoxunu bütün dünya tanıyır, bəzilərinin adları məxfi saxlansa da, ixtiraları bu gün də hamıya məlumdur”, - deyə “İstoriya” telekanalının baş redaktoru Aleksey Denisov təqdimat mərasimində söyləyib.