CƏMİYYƏT
“Sənədsiz məktəbli qalmasın” aksiyasına yenidən start verilib YENİLƏNİB
Bakı, 13 noyabr, AZƏRTAC
Təhsil müəssisələrində 2017-ci ildən keçirilən ənənəvi "Sənədsiz məktəbli qalmasın” aksiyasına start verilib.
AZƏRTAC xəbər verir ki, “ASAN xidmət”in Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın əsas məqsədi şagirdlərin vaxt itkisi olmadan müvafiq xidmətlərdən yararlanmalarını təmin etməkdən ibarətdir.
Tədris ilinin ilk aksiyası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 244 nömrəli tam orta məktəbdə təşkil olunub.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Səyyar xidmətlərin təşkili şöbəsinin müdiri Kənan Osmanov kütləvi informasiya vasitələri nümayəndələrinə açıqlamasında bildirib ki, Səyyar ASAN xidmət çərçivəsində həyata keçirilən sosial aksiya zamanı Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində şagirdlər üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi təmin edilir: “Səyyar xidmət həyata keçirilməmişdən öncə məktəblərdə zəruri olan məlumatlandırma və maarifləndirmə işləri aparılır. 2017-ci ildən bu günə kimi keçirilən sosial aksiya zamanı 1100-dən çox məktəbli bu xidmətdən yararlanıb. “Sənədsiz məktəbli qalmasın” aksiyasının məqsədi şagirdlərin “ASAN xidmət” mərkəzinə gəlmədən, vaxt itkisi olmadan müvafiq xidmətdən yararlanmalarıdır. Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır”.
Öz növbəsində, BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov məktəblərdə şəxsiyyət vəsiqələrinin verilməsinin şagirdlərin uçot sisteminin daha səmərəli təşkili və valideynlərin rahatlığı baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib: “Valideynlərin nəinki məktəbyaşlı övladlarına, eləcə də 5 yaşına qədər uşaqlarına şəxsiyyət vəsiqələri almasının məktəbəhazırlıq qrupları və I sinfə qeydiyyat prosesini asanlaşdıracaq. Bu, ümumi təhsil müəssisələri üzrə şagird kontingenti proqnozunun düzgün müəyyənləşdirilməsi, məktəblilər haqqında statistik hesabatların dəqiq göstəricilərinin formalaşması, icbari təhsilin həyata keçirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsi imkanlarını daha da artırır. Hər bir şagirdin şəxsiyyət vəsiqəsi əsasında elektron bazaya daxil edilməsi Ümumi Təhsilin İnformasiya Sistemini (ÜTİS) təkmilləşdirməklə yanaşı, qarşıya çıxan digər müvafiq sualların da aradan qaldırılmasına xidmət edir”.
Qeyd edək ki, həyata keçirilən tədbirlər sayəsində I sinfə şagird qəbulu zamanı şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçirilən uşaqların sayı ilbəil artmaqdadır. Belə ki, 2015-2016-cı tədris ilində şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçənlər 5 faiz, 2016-2017-ci tədris ilində 48 faiz, 2017-2018-ci tədris ilində 67 faiz, 2018-2019-cu tədris ilində 89 faiz təşkil edirdisə, 2019-2020-ci dərs ilində bu göstərici 90 faizə yüksəlib.