SİYASƏT
Seneqalın Baş Gömrük İdarəsinin baş direktoru Milli Məclisdə olub
Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də Milli Məclisin sədr müavini Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Seneqal Respublikası Baş Gömrük İdarəsinin baş direktoru Papa Ousmane Gueyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanla Seneqal arasında qarşılıqlı münasibətlərin, iqtisadi əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini qeyd edən Valeh Ələsgərov bildirib ki, bunun üçün hər iki tərəfdə kifayət qədər potensial var. Münasibətlərin inkişafında qarşılıqlı səfərlər mühüm rola malikdir. Ölkələrimiz beynəlxalq təşkilatlarda, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatında qarşılıqlı dəstək şəraitində fəaliyyət göstərir və bu ənənəni qoruyub saxlamaq lazımdır.
Valeh Ələsgərov qonaqlara Milli Məclisin fəaliyyəti, strukturu və parlamentarizm ənənələri barədə geniş məlumat verib. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, parlamentlərarası münasibətlərin inkişaf etdirilməsi, iki ölkə arasında beynəlxalq sənədlərin imzalanmasının vacibliyi, energetika sahəsində əməkdaşlıq, investisiyaların qarşılıqlı təşviqi, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən iri energetika və nəqliyyat layihələri, Azərbaycanda energetika sahəsində həyata keçirilən işlər müzakirə olunub.
Seneqal Baş Gömrük İdarəsinin baş direktoru Papa Ousmane Gueye Azərbaycanın inkişafından məmnunluğunu bildirib. Diqqətə çatdırıb ki, Azərbaycanın energetika sahəsindəki zəngin təcrübəsindən Seneqal da bəhrələnmək istəyir. Qonaq iki ölkə arasında iqtisadi, siyasi, turizm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafının əhəmiyyətli olacağına əminliyini ifadə edib.
Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.