REGİONLAR
“Sənət Allahın mənə bəxş etdiyi zamanın dəqiqələridir” – rəssam İlham İsayevlə söhbət FOTO VİDEO
Salyan, 9 dekabr, İsmayıl Cəfərli, AZƏRTAC
Rəssam, heykəltəraş, musiqiçi, şair... 32 yaşlı Salyan sakini İlham İsayev bütün bu bacarıqlara sahibdir.
AZƏRTAC xəbər verir ki, atası heykəltəraş olduğundan İlham İsayev uşaq yaşlarından rəsmə böyük maraq göstərib. Oyma işi və şüşə üzərində rəsmlə də məşğul olub. Amma bu maraq ona ilk dəfə baha başa gəlib: “Uşaqlıq illərimdə evimizdə bir mebel var idi. Əlimə mismar alıb, mebelin üzərinə təyyarə şəkli çəkdim. Valideynlərim bunu görüb, məni xeyli danladılar. O vaxt bildilər ki, mənim rəssamlığa marağım var. Ondan sonra istəyimə qarşı çıxmadılar”.
İşi belə görən İlhamın valideynləri ona rəsm üçün lazım olan alətləri alıblar. Beləcə o, bir-birindən maraqlı əsərlər yaratmağa başlayıb. İstedadlı rəssam deyir ki, hazırda onda cəmi 2 rəsm əsəri qalıb. Belə ki, bir neçə il bundan əvvəl yaşadığı evdə baş verən yanğın nəticəsində 70-dən çox əsəri yanaraq məhv olub. İlham nə qədər bu ağrını yaşasa da, həmin əsərləri yenidən çəkmək istəmir: “Həvəsim yoxdur o əsərləri təkrar çəkməyə. O əsərlər yaşayır. Yansa da, yenə də sanki ürəyimdədir, gözlərim önündədir. Allahın bizə verdiyi həyatda bir dəfə yaşayırıqsa, sənəti də elə görürəm. Mən bu sənətimlə nəfəs alıram. Bu istedadı bizə Allah verir. Əlbəttə ki, gələcəkdə daha gözəl əsərlər yaratmağa çalışacağam”.
Onun çəkdiyi rəsm əsərlərindən bir neçəsi Yaponiya, Ukrayna, Türkiyə, Rusiya və başqa ölkələrdə şəxsi evləri bəzəyir. İlham həm də hobbi kimi şeir yazır, foto sənəti ilə də məşğul olur, mahnı bəstələyir, hətta oxuyur da. Piano, tütək, balaban və başqa alətlərdə ifa etmək ona böyük zövq verir. Bu alətlər içində Cənubi Amerika musiqiçilərinin ona bağışladığı “queen” musiqi aləti diqqət çəkir. “İncə sənət. Nəyə görə incəsənət? Çünki hamısı bir-birinə bağlıdır. Sənət bir kəlmə ilə deyə bilərəm ki, Allahın mənə bəxş etdiyi zamanın dəqiqələridir”, - deyə o bildirir.
İlhamın daş üzərində işlədiyi əsərlər də vaxtilə böyük maraq toplayıb. Belə ki, “Tu-154” tipli sovet təyyarəsinin “Mineralni Vodı” hava limanına ilk reysinin şərəfinə sifariş olunan “Qlobus” işi Moskvada “Vnukova” hava limanının həyətini bəzəyir. Rəsm və musiqidən orta və ali təhsili olmayan İlhamın əl işləri bir çox müsabiqələrdə diplom və mükafatlara layiq görülüb.