MƏDƏNİYYƏT
“Sənət fədailəri” - Respublika Gənclər Kitabxanasında növbəti tədbir belə adlanır
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 26-da Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq artistləri, unudulmaz sənətkar, görkəmli opera müğənnisi, Xalq artisti Gülxar Həsənovanın 100 və görkəmli aktyor, Xalq Artisti Həsən Məmmədovun 80 illiyinə həsr olunmuş “Sənət fədailəri” adlı tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə hər iki sənətkarın ömür yolu və yaradıcılığından söhbət açılıb.
Kitabxananın direktor müavini Xalidə Musayeva bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə hər iki sənətkarın xatirəsinə həsr edilmiş silsilə tədbirlər keçirilir.
Çıxış edən digər natiqlər hər iki sənətkarın həyat və yaradıcılığından, sənət fəaliyyətindən, Azərbaycan mədəniyyətinin inkişafı naminə gördükləri işlərdən danışıblar.
Tədbir çərçivəsində Həsən Məmmədovun və Gülxar Həsənovanın səhnə fəaliyyətlərini əks etdirən iki qısametrajlı film nümayiş olunub.
Sonra qonaqlar “Azərbaycanın səhnə korifeyləri” adlı fotosərgiyə baxıblar.