MƏDƏNİYYƏT
“Sənətkar və zaman” mövzusunda elmi-praktik konfrans Mərziyyə Davudovaya həsr olunub
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) Xalq Artisti Mərziyyə Davudovanın 115 illiyinə həsr olunmuş “Sənətkar və zaman” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə baş tutub.
ATXİ-nin sədri, Xalq Artisti Azərpaşa Nemət Mərziyyə Davudovanın uzun illər Teatr Cəmiyyətinin sədri olduğunu, Azərbaycan teatrının inkişafı üçün çox işlər gördüyünü deyib.
O, aktrisanı əsl sənətkar, dəyərli insan, ictimai xadim kimi xarakterizə edib, onunla bağlı xatirələrini bölüşüb.
Elmi-praktik konfransda Əməkdar İncəsənət Xadimi, professor Məryəm Əlizadənin “Milli aktyor sənətində Mərziyyə Davudova fenomeni”, ADMİU-nun müəllimi Elçin Cəfərovun “Mərziyyə Davudova yaradıcılığı teatrşünas müstəvisində”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarovun “Mərziyyə Davudova yaradıcılığına tədqiqatçı baxışı” mövzularında məruzələri dinlənilib. Xalq Artisti Ağakişi Kazımov Mərziyyə Davudova haqqında xatirələrini bölüşüb.
Unudulmaz aktrisanın həyat və yaradıcılığı, səhnə fəaliyyəti, kino sənətinin inkişafındakı xidmətlərindən bəhs edən çıxışlarda vurğulanıb ki, Mərziyyə Davudova bütünlüklə bu sənətə bağlı olub. Hüseyn Ərəblinskinin dəvəti ilə Bakıya gələn aktrisa ömrünün sonunadək Azərbaycan mədəniyyətinə, seçdiyi sənətə ləyaqətlə xidmət edib. Yaradıcılığının ilk dövrü romantik aktyor məktəbinin nümayəndəsi kimi xarakterizə edilən aktrisa qısa müddət Opera və Balet Teatrında işləyib, burada “Arşın mal alan” operasında Cahan xala obrazını yaradıb. Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, rus və Qərbi Avropa ədiblərinin də tamaşalarında bir-birindən fərqli və mürəkkəb qadın obrazları yaradıb.
Vurğulanıb ki, Mərziyyə Davudova Azərbaycan səhnəsinin ən qüdrətli aktrisası sayılırdı, onun tamaşaçı ilə qəribə münasibət qurmaq bacarığı vardı.
Çıxış edənlər sənətkarın həyatı və yaradıcılığı ilə bağlı maraqlı faktlar səsləndiriblər. Bildirilib ki, həyatı çətinliklərdən keçsə də, əqidəsinə, amalına, sənətinə, şəxsiyyətinə xələl gətirməyib.
Qeyd edilib ki, Mərziyyə Davudova “Hacı Qara”, “Bir ailə”, “Bakının işıqları”, “Bir məhəllədən iki nəfər”, “Koroğlu” və digər onlarla ekran əsərlərində yaddaqalan obrazlar yaradıb. 1956-cı ildən ömrünün sonuna kimi Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edən Mərziyyə xanım Davudova 1962-ci il yanvarın 6-da Bakıda vəfat edib.
Konfrans çərçivəsində Mərziyyə Davudovanın həyat və yaradıcılığına aid fotosərgi, tamaşa və filmlərdən kadrların əks olunduğu slayd nümayiş olunub. Həmçinin aktrisanın rol aldığı ekran əsərlərindən fraqmentlər də təqdim edilib.