MƏDƏNİYYƏT


Sənətkarın ecazkar dünyası

Bu gün Azərbaycanın Xalq rəssamı Vidadi Nərimanbəyovun anadan olmasından 95 il ötür

Bakı, 13 iyul, AZƏRTAC

Həyatda bütün gözəlliklərin ecazı kimi sənətini sevərək yaşayıb fəaliyyət göstərməyin özü də bir bəxtiyarlıqdır. Bu əsrarəngiz hissi duymağın özü insanda mənəvi zənginliklə süslü olan bir zövqün çiçəklədiyini göstərir. Canlıların alisi necə bir ağrılara, üzüntülərə məruz qalsa da onun ən gözəl naxışı daim həyatı, insanları sevməyə, qurub-yaratmağa səsləyən, sövq edən yüksək insani keyfiyyətlərə sahib olmasıdır. Bütün bunlara yetməyin özü də bir istedaddır. İstedadsa insana ana bətnində verilir, o da öz “uşaqlığını, yeniyetmə-gəncliyini” canda-qanda daşıyır. Eyni ürəkdən su içir, eyni ritmlə döyünür. İnsan yaşa dolduqca istedad da qərar tutduğu ürəkdə püxtələşir, kamilləşir.

İstedadın insanın varlığında əlvan rənglərlə işıq saçması da sənətlərin xüsusiyyətlərilə bağlıdır. Bu keyfiyyət yaradıcı sahələrdə daha parlaq nəzərə çarpır. Bu yerdə ilkin olaraq göz-könül yaddaşımda rəssamlıq sənəti canlanır. İnsanı özündən alıb-aparan, yerlə-göyün, gerçəkliklə xəyalların yaratdığı əsrarəngiz aləmdə yaşadan də rəssamlıqdı. Səhər günəşinin öz zərrin şəfəqlərini başımızın üstündən saçdığı məqamlarda təsviri sənətdə yerini, mövqeyini haqq edən, ruha, yaddaşa dinclik verən mükəmməl əsərlərilə daim qəlbimizdə olan Xalq rəssamı Vidadi Nərimanbəyov haqqında düşüncələrimi qələmə almağım da bu səbəbdən yarandı. Həm də bu gün unudulmaz rəssamın 95 yaşı tamam olur.

Bu fikirlər yazıçı, publisist Şəfəq Nasir Xalq rəssamı Vidadi Nərimanbəyova həsr etdiyi “Sənətkarın ecazkar dünyası” sərlövhəli yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.

Rəssamlıq düşüncə və göz yaddaşının birgəliyindən doğulan sənət olduğundandır ki, Vidadi Nərimanbəyovu ömür boyu bu sənətin eşqində yaşadıb. Bu eşq də hələ uşaqlığından ailəsinin yaşadığı acı, təlatümlü bir həyatın içində formalaşıb. Gördükləri, səksəkəli, qorxulu günlər, psixoloji məqamların görüntüsünü ürəyinə, yaddaşına həkk edib. Böyüdükcə əlində ağ vərəq, rəngli qələmlər olub. Onları incə, zərif təsvirləri ilə bu vərəqlərə köçürüb. Bunlar rəssamın sənətdə ilk addımları, gələcək əsərlərinin bünövrə daşıdır desək, yanılmarıq. Elə burdaca rəssamın doğulduğu zamana, ailə mühitinə nəzər salmaq da deyilənlərə qüvvət verilmiş kimi səslənər.

Vidadi Fərman oğlu Nərimanbəyov 1926-cı ildə Fransanın Kann şəhərində doğulub. Anası fransız olub. Bir neçə ildən sonra ailədə ikinci oğul Toğrul doğulub. Həmin vaxt heç kim ağlına belə gətirməzdi ki, zaman gələcək, bu qardaşlar Azərbaycan mədəniyyətinin bir qolu olan rəssamlıqda yaratdığı əsərləri ilə dünyada tanınacaqlar... Bir müddətdən sonra Fərman kişi doğmalarından, vətənindən ayrı yaşaya bilmədiyi üçün Azərbaycana qayıdıb. Uşaqlar tamam yeni bir aləmə düşdüklərindən təbiəti, insanları öyrənməyə, özlərini bu cəmiyyətdə görməyə alışdırıblar. İkinci Dünya müharibəsinin insanların həyatına gətirdiyi fəlakətləri isə bu ailə bir başqa çətinliklərlə yaşayıb. Yeniyetmə oğlan müharibənin ağrılarını yaşayan insanların yaşamını, psixoloji gərginliyini böyük həyəcan və həvəslə düşüncəsində yetişdirib, formalaşdırırdı. Müharibənin doğurduğu fəlakətlərə qəzəbini, nifrətini “Nədir günahımız?” adlı əsərində ağrılarla təsvirə gətirdi. Bundan sonra təfəkkürünün aydınlığında yeni axtarışlara yol aldı. Rəssamlığa olan eşqi, həvəsi onu sənət seçimində düzgün qərar verməyə yönəltdi. Əvvəlcə Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunda, sonra isə V.Muxin adına Leninqrad (indi Sankt-Peterburq) Ali Rəssamlıq-Sənaye Məktəbində, Tbilisi Rəssamlıq Akademiyasında müvəffəqiyyətlə təhsil aldı.

V.Nərimanbəyova şöhrət gətirən ilk əsəri tələbəlik çağlarında çəkdiyi “Düşmənin sevinci” tablosu olub. Həmin əsər bu gün də özünün psixoloji detalları ilə zəngin olan tablonu seyr edənlərin heyrətinə səbəb olur. Nədir bu heyrəti doğuran? Sadə bir həyat həqiqəti! Səxavətlə saçılan günəşin işığı fonunda qara bulud topaları və iki nəfərin əksi... Biri yağışın, digəri də bunun tam əksini – quraqlığın həsrətini çəkir. Bu təsvir insanı düşünməyə sövq edir...

Qeyd edək ki, rəssamın bütün əsərləri insanı gerçəklikliyin və şirin arzuların qanadları arasına alaraq həyat dilemması ilə üz-üzə qoyur. Vidadi Nərimanbəyovun əsərləri özünün süjeti, kompozisiyası, monumentallığı ilə sənətin dəyərini bilənlərin böyük məhəbbətini qazanıb. Başqa sözlə, çəkdiyi bütün əsərləri ona şöhrət gətirib.

Sözün bu məqamında sənətşünaslıq doktoru, professor Mürsəl Nəcəfovun onun haqqında söylədiyi fikirləri də xatırlatmağı vacib sanıram. O yazır: “Vidadi olduqca səmimi insan, mehriban, qayğıkeş dostdur. Onun sevilməsinin, tanınmasının iki əsas cəhəti var: həddindən artıq zəhmətkeş və işinə məsuliyyətlidir. Bir dəfə də olsun molbert önündə könülsüz dayanmayıb, əlinə fırça almayıb. Axtarıb, arayıb, hələ işıq üzü görməyən əsərini xəyalında canlandırıb. Bəyənibsə, onu kətan üzərində əbədiləşdirib. Rəssamın bütün əsərlərinin mövzusu halal əmək, vətənsevərlik, sadəlik və səmimiyyətdir. Doğrudur, Vidadi Nərimanbəyov təbiəti sevir, ilin fəsillərinə həsr etdiyi mənzərələri var. Lakin insan qüruru, gələcəyə inam onun əsərlərinin əsas qayəsini təşkil edir”. Belə sənətkarın yaratdığı əsərləri sevməmək, bəyənməmək olarmı!

Burada istər-istəməz, bir xoş hadisəni də yada salmağın yeri görünür. Orta və yaşlı nəsil xatırlamamış deyil. 1977-ci ilin payızında V.Səmədova adına sərgi salonunda Vidadinin fərdi sərgisi açılmışdı. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev sərgiyə baxmağa gəlmişdi. O, tablolar qarşısında dayanmış, diqqətlə, böyük həvəslə bu ecazkar sənət əsərlərinə valehedici nəzərlərlə göz yetirmiş və rəssamı təbrik etmişdi. Ertəsi gün qəzetlərdə Vidadi Nərimanbəyovun Əməkdar rəssam fəxri adına layiq görülməsi barədə dərc olunmuş məlumat sənətsevərləri çox sevindirdi...

V.Nərimanbəyov portret ustasıdır. Onun bütün əsərlərinin qəhrəmanı insandır, onun həyatı, düşüncəsi, nisgili, ağrıları, sevinci, nəhayət, gələcəyə baxışlarıdı. Rəssamın bu əsərləri dünyanın 107 ölkəsinin sərgi salonlarında uğurla nümayiş etdirilib.

Rəssam haqqında geniş bilgiyə malik olmaq üçün onun “Vikipediyada” yer almış tərcümeyi-halına da nəzər salmalı oldum. Öyrəndim ki, Vidadi Nərimanbəyovun yalnız keçmiş SSRİ məkanında deyil, Macarıstan, Çexiya, Bolqarıstan, Rumıniya, Əlcəzair, Finlandiyada, bütövlükdə dünyanın 20 xarici ölkəsində fərdi sərgisi açılmışdı. Bu məmləkətlərdə dinindən, dilindən, irqindən asılı olmayaraq, qədirbilən sənətsevərlər fırça ustasının yaradıcılığından mənəvi zövq almış, əsərlərinin hər birini yüksək qiymətləndirmişlər.

Azərbaycanın taleyində yaşanılmış bütün ağrı-acılarını təsvirə gətirən rəssamın bütün əsərləri onun vətəninə, qurub-yaradan insanlara necə bir məhəbbətlə bağlı olduğunun göstəricisidir. Sənətinə və insanlara olan sevgisi, əsərlərinin ecazı ona həmişə böyük ehtiram qazandırmışdır. Bütün bu uğurlar dövlətimiz tərəfindən də layiqincə qiymətləndirilib. Vidadi Fərman oğlu Nərimanbəyov müxtəlif vaxtlarda “Azərbaycanın Əməkdar rəssamı” (1977), “Azərbaycanın Xalq rəssamı” (1982) fəxri adlarına layiq görülüb və “Şöhrət” ordeni ilə təltif olunub.

Rəssam qızmar bir yay günündə dünyaya gəlmişdi, o, bütün ömrünü qaynar bir məhəbbətlə, sənətinə olan yanar sevgisi ilə bir-birindən gözəl, məzmunlu, ecazkar sənət nümunələri ərsəyə gətirməyə həsr etdi... Amma həyata soyuq bir qış günündə əlvida dedisə də, xalqın qəlbində çatdığı sevgi ocağı bu gün də alovlanmaqdadır...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.