REGİONLAR
Sənətşünas alim Ziyadxan Əliyev tərtərli gənclərlə görüşüb
Tərtər, 29 noyabr, AZƏRTAC
“Müasir cəmiyyətdə gənclər və mənəviyyat” adlı seminar-müşavirə çərçivəsində Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin tərtərli gənclərlə görüşü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Tərtər Rayon Gənclər Mərkəzində keçirilən tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, müəllimlər, şagirdlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gənclər qarşısında çıxış edən Ziyadxan Əliyev bildirib ki, elmin, mədəniyyətin, incəsənətin yüksək qiymətləndirildiyi Azərbaycanda milli-mənəvi və dini dəyərlərin təsviri sənətin müxtəlif növlərində işlənməsi dəyərlərimizə müxtəlif baxış bucağından baxmağa, dünyagörüşümüzü artırmağa, qədim ölkəmiz haqqında daha ətraflı məlumatlar əldə etməyə geniş imkanlar açır.
Tədbirdə qeyd olunub ki, xeyirxahlıq, mərhəmət, ədalətli davranış və sair kimi dəyərli keyfiyyətləri özündə birləşdirən mənəviyyat insanın ruhunda, düşüncəsində yer alırsa, bu, onun həyatında özünü göstərir, əxlaqında, ictimai münasibətlərində, davranışlarında təzahür edir. Buna görə də mənəvi dəyərlərin yeniyetmələr və gənclər arasında təbliği çox vacibdir.
Yekunda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.