REGİONLAR


Sənətşünaslıq elminin görkəmli siması - Kərim Kərimov

Naxçıvan, 21 sentyabr, AZƏRTAC

AMEA Naxçıvan Bölməsində AMEA-nın müxbir üzvü, professor Kərim Kərimovun anadan olmasının 100 illiyi münasibətilə “Sənətşünaslıq elminin görkəmli siması” mövzusunda elmi konfrans keçirilib.

Akademiyanın Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, konfransda çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ölkəmizdə elm xadimlərinə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti 2021-ci il iyulun 9-da AMEA-nın müxbir üzvü Kərim Kərimovun Azərbaycan sənətşünaslıq elminin inkişafındakı xidmətlərini nəzərə alaraq və 100 illik yubileyi münasibətilə bu yubileyin qeyd olunması ilə bağlı xüsusi qərar imzalayıb.

Akademik çıxışında professor Kərim Kərimovun yaradıcılıq yoluna qısa nəzər salaraq onun Azərbaycan sənətşünaslıq elminin, miniatür sənətinin tədqiqi və inkişafında mühüm rolunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Vurğulayıb ki, miniatürşünaslıq elminin mahir tədqiqatçısı Kərim Kərimov nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda da mədəni abidələrimizin əsl təbliğatçısı kimi nümunəvi yaradıcılıq yolu keçib.

Konfransda onlayn iştirak edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, professor Kərim Kərimov Azərbaycan sənətşünaslıq elmində zəngin irs qoymuş alimlərdən biridir. Miniatürşünaslıq elminin ilkin təmayüllərinin formalaşması, miniatür sənətinin dərindən öyrənilməsi istedadlı alimin Azərbaycan elmi və mədəniyyəti qarşısında ən böyük xidmətlərindəndir. Azərbaycan realist rəssamlıq məktəbinin tanınmış nümayəndəsi Bəhruz Kəngərli haqqında ilk və zəngin tədqiqatlar da məhz Kərim Kərimov qələmi ilə ərsəyə gəlib.

AMEA-nın akademik-katibi, akademik Arif Həşimov çıxışında alimin yaradıcılığının əsas məqamlarını təhlil edib. Azərbaycan elminin davamlı inkişafını təmin etmək üçün elmi və tarixi irsimizin qorunub saxlanılmasının önəmini vurğulayıb.

Naxçıvan Rəssamlar Birliyinin Baş fond müdiri, dosent Nizami Alıyev konfransda “Professor Kərim Kərimovun həyatı və yaradıcılıq yolu” mövzusunda məruzə edib. Məruzədə qeyd olunub ki, milli sənətşünaslıq elminin banilərindən olan Kərim Kərimov xalqını, Vətənini sevən nəcib ruhlu alim olub. Bu xətt onun apardığı tədqiqatlarda, elmi həqiqətlərin dünyaya bəyan olunmasında açıq-aşkar təzahür edir.

Alimin tədqiqatlarında XVIII-XIX əsr rus rəssamlarının yaradıcılığında Azərbaycan mövzusunun araşdırılması mühüm yer tutub, həmin əsərləri geniş aspektdə təhlil edib.

Konfransda AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov, Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, dosent Həbibə Allahverdiyeva və AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı Şəmsiyyə Zalova çıxış edərək, alimin həyat və yaradıcılığının müxtəlif dövrlərini təhlil ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.