CƏMİYYƏT
Səngəçal Estakadasının “NST-3” buruğunun qülləsi kəskin hava şəraiti nəticəsində aşıb
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də səhər saatlarında Qaradağ rayonu Liman Nəzarət Müfəttişliyi tərəfindən Milli Mərkəzə daxil olan məlumata əsasən Səngəçal Estakadasının “NST-3” buruğunun qülləsi kəskin hava şəraiti nəticəsində aşıb.
Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, baş vermiş hadisə ətraflı dəyərləndirilərək administrasiyanın Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən dərhal bütün müvafiq təşkilatlar məlumatlandırılaraq, mümkün axtarış və xilasetmə əməliyyatları nəzərə alınmaqla yaxınlıqda olan gəmilər- “Gültəkin Əsgərova”, “Vadim Seyidov”, “Vixr-5” ilk öncə hadisə yerinə yönəldilib. İkinci mərhələdə isə “Caspian Provider”, “ Caspian Pride” və “Lənkəran” gəmiləri qəzanın fəsadlarının aradan qaldırılması məqsədilə hadisə yerinə cəlb edilib.
Hazırda qəzanın nəticələrinin aradan qaldırılması və suya düşməsi ehtimal olunan şəxslərin axtarışı prosesi Milli Mərkəzi tərəfindən koordinasiya edilərək daim nəzarətdə saxlanılmaqdadır.