İQTİSADİYYAT
Səngəçal-Qaradağ mənzilində 10 kilometr yol təmir olunur
Bakı, 26 noyabr (AZƏRTAC). Prezident İlham Əliyevin 2010-cu il iyulun 6-da imzaladığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncam sürətlə icra olunur.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri davam edir.
Cari ilin noyabrın 26-da növbəti yol qoyuluşu həyata keçirilir və Səngəçal-Qaradağ mənzilində 10 kilometr yol əsaslı təmir olunur.
Təmir işlərini həyata keçirən “Dəmiryolservis” MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyovun məlumatında bildirilir ki, Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmirinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində başlanılmışdır. Bu günə kimi 148 kilometr yol əsaslı təmir olunmuşdur.
Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.
İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan yolun təmir ardıcıllığı müvafiq cədvələ uyğun görülür.
Yolların əsaslı təmiri prosesini Çexiyanın “İxrac” Bankının nəzarət qrupu müşahidə edir.