İQTİSADİYYAT


Səngəçal terminalında vaksinasiya kampaniyası keçirilib

Səngəçal terminalında vaksinasiya kampaniyası keçirilib

Bakı, 26 may, AZƏRTAC

Əməkdaşlarının təhlükəsizliyi, sağlamlığı və rifahı BP-nin daim əsas diqqət verdiyi prioritet məsələdir. COVID-19 pandemiyası başlayandan bəri BP əməliyyatçısı olduğu sahələrdə virusun yayılmasının qarşısını almaq üçün Operativ Qərargahın davamlı dəstəyi ilə bir sıra ciddi tədbirlər görür. Buraya sahə işçiləri obyektlərə daxil olmazdan öncə həyata keçirilən çoxsaylı prosedurların tətbiqi, habelə, sahələrdə və ofislərdə tələb olunan bütün önləyici tədbirlərin həyata keçirilməsi daxildir. Bundan əlavə, BP sahələrdəki əməkdaşlar üçün iş yerlərində vaksinasiya kampaniyaları da təşkil edərək Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya prosesinə fəal dəstək verir.

“BP Azerbaijan”dan AZƏRTAC-a bildirilib ki, mayın 25-də şirkət Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) təşkilatçılığı ilə Səngəçal terminalının personalı və işçi heyəti üçün iş yerində könüllü vaksinasiya kampaniyası keçirib. TƏBİB-in səyyar briqadası tərəfindən həyata keçirilən vaksinasiya kampaniyası zamanı BP-nin 268 əməkdaşı və işçi heyəti öz iş yerlərini tərk etmədən, iş qrafiklərinə və sahədəki karantin qaydalarına əməl etməklə peyvənd olunub.

Bu, şirkətin iş yerində təşkil etdiyi ikinci vaksinasiya tədbiridir. May ayının əvvəllərində BP hazırda “Şahdəniz” layihəsi çərçivəsində dənizdə aparılan fəaliyyətlərə cəlb olunmuş iki gəminin – “Xankəndi” sualtı tikinti gəmisinin və “İsrafil Hüseynov” borudüzən barjasının – personalı və heyət üzvləri üçün oxşar səyyar vaksinasiya kampaniyası təşkil etmişdi. Gəmilərin Bakı Limanında dayandığı müddətdə TƏBİB-in səyyar briqadası tərəfindən ümumilikdə 100 nəfər peyvənd olunmuşdu. Peyvəndin ikinci dozası eyni qaydada iyun ayının əvvəllərində təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.