CƏMİYYƏT


Sənin adınla bağlı bu xalqın hər zəfəri...

Bakı, 10 dekabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetində (ATU) ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin professorları, müəllim heyəti və qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Gəray Gəraybəyli dünya şöhrətli siyasətçi, müdrik və uzaqgörən dövlət başçısı Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə ölkəmizin keçdiyi inkişaf yolunu xatırladıb. O qeyd edib ki, Ümummilli Liderin respublikamıza rəhbərlik etdiyi dövrdə Azərbaycan geridə qalmış aqrar ölkədən qabaqcıl sənaye, mədəniyyət və texnologiyaya sahib dövlətə çevrilib: “1993-cü illərdə xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndərin rəhbərliyi altında ölkəmiz üzləşdiyi dərin sosial-iqtisadi böhran və tənəzzüldən çıxaraq çətinlikləri arxada qoyaraq addım-addım tərəqqi və inkişaf yoluna çıxıb. Məhz onun müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmiz regionun ən inkişaf etmiş dövlətinə çevrilib”.

Rektor çətin, taleyüklü və həlledici məqamda Ulu Öndərin ağır məsuliyyət yükünü üzərinə götürərək oynadığı xilaskar rolundan da bəhs edib: “Ümummilli Lider xalqa olan böyük sevgisi nəticəsində respublikamızı ötən əsrin 90-cı illərindəki xaos vəziyyətindən çıxararaq ölkəmizin müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail olub. Ona görə də xalqımız həmişə bu dahi şəxsiyyətin xatirəsini əziz tutur, böyük ehtiramla yad edir”.

ATU-nun uşaq stomatologiyası kafedrasının müdiri Rəna Əliyeva Ulu Öndərin səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb: “Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə tibb üzrə konqres, qurultay və digər mühüm tədbirlər keçirilib. O, həmişə milli tibbi kadrların artması və onların beynəlxalq səviyyədə tanınmasına çalışırdı. Dahi rəhbərin göstərdiyi qayğı sayəsində indi ölkəmizdə kifayət qədər tanınmış tibb mütəxəssisləri var. Lakin müdrik rəhbər təkcə bununla kifayətlənmirdi. Bu sahədə aparılan islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tibb ocaqlarının, müasir səhiyyə mərkəzlərinin yaradılması da daim onun diqqət mərkəzində idi”.

Tədbirdə çıxış edən universitetin ictimai fənlər kafedrasının professoru Fəxrəddin Məmmədov xalqımızın Ümummilli Liderinin keçdiyi şərəfli həyat yolunu xatırladaraq qeyd edib ki, onun rəhbərlik etdiyi dövrdə səhiyyə sahəsində 20-dək qanun qəbul edilib, yüzlərlə xəstəxana, klinika, müalicə müəssisəsi yaradılıb və onların maddi-texniki bazası müasir tibbi avadanlıq və texnologiyalarla möhkəmləndirilib. Bildirilib ki, müstəqillik yolunda ölkəmizin atdığı uğurlu addımların, xalqımızın sosial, iqtisadı və mədəni sahədə əldə etdiyi uğurlar Ulu Öndərin adı ilə bağlıdır.

Bu ali tibb müəssisəsinin II müalicə-profilaktika fakültəsinin tələbəsi Türkay Kərimli dahi şəxsiyyətin xalqımıza göstərdiyi əvəzolunmaz və unudulmaz xidmətdən danışıb. Bugünkü gənclərin onun qoyduğu azərbaycançılıq yolunu layiqincə davam etdirməyə çalışdıqlarını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.