İQTİSADİYYAT


Şənlik mərasimlərinin qaydalara uyğun təşkili nəzarətdə saxlanılır

Bakı, 3 avqust, AZƏRTAC

Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mütəxəssislərindən ibarət monitorinq qrupları tərəfindən Bakı şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında şənlik mərasimləri təşkil edilən obyektlərdə nəzarət tədbirləri davam etdirilir.

Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, bu günədək monitorinq qrupları tərəfindən 1650-dən çox obyektdə qayda və şərtlərə əməl olunması vəziyyəti araşdırılıb. Təhlillər göstərir ki, maarifləndirmə tədbirləri başlayan dövrlə müqayisədə şadlıq evlərinin əksəriyyətində tələblərə əməl olunur.

Növbəti monitorinqlər zamanı şənlik mərasimlərinin icaze.e-gov.az portalında qeydiyyatdan keçirilməsi, tədbir təşkil edilən məkanların ərazisi, stollar ətrafında və arasında məsafə, sanitar-gigiyena qaydalarına riayət olunması, işçi heyətin müvafiq vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməsi, qonaqların COVID-19-a qarşı peyvənd edilməsi və ya sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədin mövcudluğu və sair məsələlər araşdırılıb.

Toy və məkan sahibləri ilə profilaktik söhbətlər aparılıb, Operativ Qərargahın müəyyənləşdirdiyi qayda və tələblərə ciddi riayət olunmasının vacibliyi izah edilib.

Nöqsanların aşkar olunduğu məkanlarda pozuntular aradan qaldırılıb, toy mərasiminin qaydalara uyğun keçirilməsi təmin edilib və nümunəvi şənlik mərasimlərində ailə quranlara hədiyyələr təqdim olunub.

İndiyədək monitorinq aparılmış şənlik mərasimlərində iştirak edən 230 minə yaxın qonağın müvafiq sənədlərinə baxılıb, 21 minə yaxın nöqsan aşkarlanıb. Həmçinin şənlik təşkil edilən məkanların işçi heyəti arasında 900-dən çox şəxsin tələblərə əməl etmədiyi müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.