MƏDƏNİYYƏT
“Sənsiz” bədii qiraət müsabiqəsinə təqdim olunan nümunələr dinlənilib
Bakı, 29 aprel, AZƏRTAC
Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə aprelin 29-da “Sənsiz” bədii qiraət müsabiqəsinə start verilib.
AZƏRTAC xəbər verir ki, Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov müsabiqənin əhəmiyyətindən danışıb. Bildirib ki, bu il bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış Azərbaycanın görkəmli şair və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Dahi şairin yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Bu münasibətlə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə “Sənsiz” adlı bədii qiraət müsabiqəsi keçirilir. Müsabiqənin keçirilməsində əsas məqsəd milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdır. Müsabiqə iştirakçıları üçün yaş məhdudiyyəti yoxdur.
Onun sözlərinə görə, 60-a yaxın iştirakçıdan 18 nəfər seçilərək müsabiqəyə buraxılıb.
Sonra seçilən nümunələr təqdim olunub. Münsiflər tərəfindən qalib iştirakçılar aprelin 30-da mükafatlandırılacaq.