DÜNYA
Sent-Luisdə daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib VİDEO
Vaşinqton, 27 iyul, AZƏRTAC
Amerikanın Missuri ştatında leysan yağışları Sent-Luisdə və ştatın digər hissələrində daşqına səbəb olub. Daşqın nəticəsində azı bir nəfər həlak olub, daha bir neçə insan avtomobillərdə və evlərdə köməksiz vəziyyətdə qalıb.
AZƏRTAC xəbər verir ki, Sent-Luis şəhər yanğındanmühafizə xidmətinin rəisi Dennis Cenkersonun sözlərinə görə, şəhərin düzənlik hissəsində bir avtomobil dərinliyi 3 metrə çatan suya batıb, sonra həmin maşından bir dinc sakinin cəsədi çıxarılıb. Cenkersonun sözlərinə görə, daşqının ilk saatlarında yanğındanmühafizə xidməti xilasetmə və ya yardım barədə təqribən 70 çağırış qəbul edib.
Sent-Luis dairə administrasiyasının icraçı direktoru doktor Sem Peyc dünən günün ikinci yarısında daşqınla bağlı fövqəladə vəziyyət elan edib. Bu elan ABŞ hökumətinin sakinlərə, habelə kiçik müəssisələrə dəymiş ziyanı minimalaşdırmaq üçün federal mənbələrdən maliyyə vəsaiti ayırmasına imkan verəcək.
“AccuWeather” meteorologiya xidmətinin nümayəndələri bildiriblər ki, intensiv yağışların bu həftə ərzində davam edəcəyi gözlənilir. Kanzas və Missuridən Virciniyaya qədər bir neçə ştatın ərazisində daşqın təhlükəsi yüksək səviyyədə qalacaq.
AZƏRTAC –ın Vaşinqton bürosu