ELM VƏ TƏHSİL
Sentiment analiz problemləri və mövcud yanaşmalar tədqiq olunur
Bakı, 3 may, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti onlayn elmi seminarda “Sentiment analiz: problemlər və mövcud yanaşmalar” mövzusunda məruzə təqdim olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, böyük elmi işçi Mərziyə İsmayılova sentiment analizin tarixi və inkişaf mərhələləri, əsas məsələləri, səviyyələri, klassifikasiya metodları, tətbiq sahələri, problemləri, proqram məhsulları, onlayn alətlər və s. haqqında məlumat verib. O, “Web of Science” və “Google Scholar” elmi bazalarında sentiment analiz üzrə 2002-2019-cu illər ərzində nəşr olunan məqalələrin sayını əks etdirən qrafiki nümayiş etdirib.
M.İsmayılova sentiment analizin səviyyələrindən bəhs edib. Məruzəçi onlayn alətlər, sentiment analizə dair kitablar, konfrans, simpozium və seminarlar, eləcə də bu sahə ilə məşğul olan tədqiqatçı alimlər barədə ətraflı məlumat verib.
Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.