DÜNYA
Sentyabr ayına kimi İran 25 milyon doza peyvənd istehsal edəcək
Tehran, 18 may, AZƏRTAC
Cari ilin sentyabr ayına kimi İran 25 milyon doza “Cov İran Barakat” peyvəndi istehsal edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə İmam Xomeyninin vəsiyyətlərinin icrası qərargahının rəhbəri Məhəmməd Mohbər məlumat verib. Onun sözlərinə görə dünyanın 6 ölkəsində koronavirusa qarşı peyvənd istehsal olunur ki, onlardan da biri İrandır. Artıq bir sıra dövlətlər İrandan peyvənd almaq üçün müraciət ediblər. Lakin ilk növbədə İranın tələbatı tam olaraq ödənildikdən sonra ixrac barədə danışmaq olar.
Qeyd edək ki, İran alimləri İmam Xomeyninin vəsiyyətlərinin icrası qərargahının maliyyə dəstəyi ilə “Cov İran Barakat” peyvəndini yaradıblar və onun kütləvi istehsalı üçün Qum şəhərində zavod qurublar.
Bu arada İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari koronavirusun yayılması haqqında məlumat verib. O bildirib ki, son 24 saat ərzində 13 min 930 nəfər virusa yoluxub, 310 nəfər isə vəfat edib. Bununla da İranda yoluxanların ümumi sayı 2 milyon 779 nəfər, ölənlərin sayı isə 77 min 532-ə çatıb. Bununla yanaşı 2 milyon 258 min 46 nəfər müalicə alaraq sağalıb. Hazırda müxtəlif xəstəxanalarda müalicəsini davam etdirən 5 min 173 nəfərin vəziyyəti ağır olaraq qalır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran