ELM VƏ TƏHSİL


Sentyabr ayında Vilnüsdə “GameOn” oyun mədəniyyəti mövzusunda iri regional sərgi keçiriləcək

Vilnüs, 16 avqust, AZƏRTAC

Sentyabrın 16-17-də Vilnüsdə “GameOn” oyun mədəniyyətinə həsr edilmiş iri regional sərgi keçiriləcək. Milyonlarla oyunçunun qəlblərini fəth etməyə qabil olan video-oyunları necə yaratmalı? Belə oyunların populyarlığını necə yüksəltməli və onların gətirdiyi mənfəəti iki dəfə artırmaq üçün nə etməli? Vilnüs şəhər bələdiyyəsinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, dünyada ən məşhur oyunları yaradanlar, sürətlə genişlənməkdə olan “GameOn” video-oyunlar mədəniyyəti sərgisində iştirak edən marketoloqlar, jurnalistlər və alimlər bu və digər suallara cavab verəcəklər.

AZƏRTAC xəbər verir ki, video-oyunları yaradanlar üçün cəlbedici mərkəzə çevrilmiş Vilnüs şəhərində “GameOn” sərgisi üçüncü dəfə keçiriləcək. Litva paytaxtında video-oyunlar yaradanların və bu oyunlarla maraqlananların sayı ilbəil artır. “GameOn” sərgisinin populyarlığının durmadan artması da buna dəlalət edir.

Tədbirin təşkilatçılarının hesablamalarına görə, bu il “GameOn” sərgisində Litvadan və qonşu ölkələrdən 15.000-dən çox tamaşaçı, 150 şirkət və 100-dən çox KİV nümayəndəsi iştirak edəcək. Sərgi çərçivəsində planlaşdırılan “Tech Expo” seksiyası müsafirləri ən yeni oyunları və avadanlıqları sınaqdan çıxarmağa dəvət edəcək, “Indie Village” ekspozisiyası isə oyunların müəlliflərinin öz işlərini reklam etmələri üçün pərəstişkarları ilə görüşməsinə imkan yaradacaq.

“GameOn” çərçivəsində oyunların hazırlanması sənayesinə diqqətin daim artması nəzərə alınaraq müvafiq seksiyalara sərgidə 2000 kvadratmetr sahə ayrılacaq. “Google”, NVIDIA, “Versus Evil”, “Housemarque”, “Wargaming” və digər şirkətlərin nümayəndələri oyunların yaradılması sahəsində təcrübə mübadiləsi aparacaqlar.

Sərgi çərçivəsində video-oyunlar üzrə “GameOn Cup” turniri keçiriləcək. Elektron idman üzrə ən mühüm regional yarışlardan biri olan bu turnirin mükafat fondunun məbləği 10.000 avroya çatır. Bundan əlavə, sərginin proqramında unikal konsert də nəzərdə tutulub: simfonik orkestrin ifasında ən geniş yayılmış “World of Warcraft”, “Bioshock”, “Journey”, “Minecraft” və bir sıra başqa video-oyunlardan musiqi kompozisiyaları səslənəcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.