İQTİSADİYYAT
Sentyabr üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Sentyabrın 30-na Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,201.8 milyon manat, kredit portfeli 11,901.4 milyon manat, cəmi öhdəlikləri isə 25,089 milyon manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sektorun balans kapitalı 4,112.8 milyon manat olub. 2018-ci ilin sentyabr ayı ərzində bank sektorunun aktivləri 3.8 faiz (1,074.7 milyon manat), öhdəlikləri 4.2 faiz (1,011.5 milyon manat), balans kapitalı isə 1.6 faiz (63.2 milyon manat) artıb. Sentyabr ayında bankların kredit portfelinin dinamikasında əhəmiyyətli dəyişiklik baş verməyib. Cari ilin əvvəli ilə müqayisədə isə bank sektorunun kredit portfeli üzrə 5 faiz (563.8 milyon manat) artım olub.
Sentyabr ayında fiziki şəxslərin əmanətləri 2.2 faiz (175 milyon manat) artaraq 8,114.9 milyon manat təşkil edib. Ümumilikdə, 2018-ci ilin 9 ayında fiziki şəxslərin əmanətləri 7.6 faiz artıb.
Bank sektoru cari ilin 9 ayı ərzində 509.1 milyon manat əməliyyat mənfəəti, 171.8 milyon manat xalis mənfəət generasiya edib.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2 479 olub. Bank sektorunun işçi heyəti sentyabr ayında 0.8 faiz (138 nəfər) artaraq 17 066 nəfər təşkil edib. Ümumilikdə isə cari ilin 9 ayında sektorda çalışanların sayı 5.5 faiz (895 nəfər) artıb.
Sentyabrın 30-na bank sektorunun əsas göstəriciləri icmal göstəricilərində öz əksini tapıb (https://www.fimsa.az/az/statistika).