REGİONLAR
Sentyabrda “Yenikənd” SES-də 9,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib
Bakı, 27 oktyabr, AZƏRTAC
2016-cı ilin sentyabr ayında “Yenikənd” Su Elektrik Stansiyasında (SES) 9,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Ötən 9 ay ərzində isə bu stansiyada elektrik enerjisi istehsalı 236,7 milyon kilovat-saatdan çox olub.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avadanlıqların iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib. Hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun istismar edilir.
Nəzərdə tutulmuş təmir-bərpa işləri çərçivəsində stansiyada 2 saylı hidroaqreqatın əsaslı təmiri başa çatdırılıb, 4 saylı hidroaqreqatda isə əsaslı təmir işləri davam etdirilir. Bununla yanaşı, son üç ay ərzində qrafikdə nəzərdə tutulmuş avadanlıqların texniki xidmət işləri də başa çatdırılıb.
Qeyd edək ki, 4 hidroaqreqatdan ibarət, ümumi gücü 150 meqavat olan “Yenikənd” SES 2000-ci ildə istismara verilib.