CƏMİYYƏT
Sentyabrın 13-dən 15-dək ÜST-nin Avropa Regional Komitəsinin 71-ci sessiyası keçiriləcək
Bakı, 10 sentyabr, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bölgəsindəki 53 üzv dövlətinin səhiyyə nazirləri və nümayəndələri sentyabrın 13-dən 15-dək ÜST-nin Avropa Regional Komitəsinin yetmiş birinci sessiyasında iştirak etmək üçün virtual formatda bir araya gələcəklər.
AZƏRTAC Avropa regional bürosuna istinadla xəbər verir ki, səhiyyə nazirləri, dövlət və hökumət başçıları və digər yüksək vəzifəli şəxslər səhiyyə sahəsində bütün Avropa regionu qarşısında duran əsas problemləri müzakirə edəcəklər.
Regional Komitə, Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun rəhbər və qərarverici orqanıdır, onun sessiyası isə əhalinin sağlamlıq və rifah vəziyyətini yaxşılaşdırmaq məqsədini daşıyan regional strategiyaların, tədbirlərin və maliyyə planlarının müzakirəsi və təsdiqlənməsi məqsədilə hər il səhiyyə nazirlərini bir araya gətirən regionda ictimai sağlamlıq məsələləri üzrə əsas toplantıdır.
Üzv Dövlətlər tərəfindən 2020–2025-ci illər üçün “Avropa sakinlərinin sağlamlığının yaxşılaşdırılması üçün birgə hərəkətlər” Avropa iş proqramının (EPR) qəbul edilməsindən bir il sonra, nümayəndələr, Avropa bölgəsinin 900 milyondan çox sakininin sağlamlıq ilə bağlı ehtiyaclarının və gözləntilərinin təmin edilməsi üçün daha çox səy göstərilməsini tələb edən səhiyyə sahəsində əsas vəzifələrinin həllində irəliləyişləri müzakirə edəcəklər.
Nümayəndələrin müzakirəsinə və baxılmasına aşağıdakı məsələlər çıxarılacaq: COVID-19 pandemiyası zamanı çıxarılan nəticələr; COVID-19 əleyhinə peyvənd kampaniyalarının miqyasının genişləndirilməsi; növbəti pandemiyaya hazırlıq; ilkin tibbi-sanitariya yardımının yenidən nəzərdən keçirilməsi; ruhi sağlamlığın qorunması və tibbi-sosial xidmətlərə investisiyaların qoyulması; 2030-cu ilə qədərki dövrə immunizasiya sahəsində gündəliyin müəyyən edilməsi; iqlim dəyişikliyi və sağlamlıqla bağlı tədbirlərin gücləndirilməsi; rəqəmsal səhiyyə xidmətlərindən daha fəal istifadə edilməsi; ÜST-nin davamlı maliyyələşdirilməsi.