CƏMİYYƏT
Sentyabrın 21-i Beynəlxalq Altsheymer Xəstəliyi haqqında İnformasiyanın Yayılması Günüdür
Bakı, 21 sentyabr, AZƏRTAC
Hər il sentyabrın 21-də dünyada Altsheymer xəstəliyi haqqında informasiya yayılmasının Beynəlxalq günü qeyd edilir. Həmin gün 1994-cü ildə xəstəliyin araşdırılması və onun inkişafının ləngidilməsi ilə məşğul olan təşkilatın təşəbbüsü ilə təsis edilib. Altsheymer xəstəliyini ilk dəfə 1906-cı ildə alman psixiatrı Alois Altsheymer aşkar edib. Xəstəliyə əsasən 65 yaşdan sonra, bəzi hallarda isə daha erkən yaşlarda rast gəlmək olur.
AZƏRTAC xəbər verir ki, hazırda dünyada yaddaş zəifliyindən əziyyət çəkənlər 35 milyon nəfərdən çoxdur. Mütəxəssislər 2050-ci ildə həmin xəstəliyə mübtəla olanların sayının 115 milyona çatacağını proqnozlaşdırırlar.
Vaxtilə qədim Yunanıstanda yaşla yaddaş zəifliyi arasında əlaqənin olduğunu söyləsələr də, XX əsrin əvvəllərində Alois Altsheymer onun mövcudluğunu aşkar edib və xəstəlik alimin adı ilə tanınmağa başlayıb. O, əlli yaşında vəfat edən xəstənin ölüm səbəblərini dərc etdirib. Sonralar tibbi ədəbiyyatda ona oxşar bir sıra hadisələr barədə məlumat verilib. Çox keçmədən Altsheymer ayrıca bir xəstəlik kimi qəbul edilib.